Gununsesi.info xəbər verir ki, cari ildə nazirliyin əməkdaşları tərəfindən icra intizamı pozuntularına yol verildiyinə görə, Daxili nəzarət şöbəsinin apardığı araşdırmaların nəticələri üzrə müvafiq əmrlə qurumun 4 əməkdaşına töhmət verilib. Bundan əlavə, həmin əmrlə nazirliyin Aparatının bölmələrinin, strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərinə vəzifə, funksiya və səlahiyyətlərin Nazirliyin strukturları və əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq yerinə yetirilməsinə, əmək və icra intizamına riayət edilməsinə nəzarətin gücləndirilməsi barədə konkret tapşırıqlar verilib.

İqtisadiyyat nazirinin müvafiq əmrinə əsasən Daxili nəzarət şöbəsi tərəfindən nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurum olan “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin fəaliyyəti yoxlanılaraq, nəticələri iqtisadiyyat nazirinə məruzə olunub və müvafiq əmrlə aidiyyəti üzrə qanunvericiliyə uyğun tədbirlərin görülməsi barədə konkret tapşırıqlar verilib.

Bundan əlavə, hal-hazırda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı müraciətlərə baxılmasının, eləcə də istehlakçıların hüquqlarının və qanuni mənafelərinin qorunması işlərinin qanunvericiliyə uyğunluğu vəziyyətinin yoxlanılması davam etdirilir.

Gununsesi.info