Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, Ermənistan və Azərbaycan liderlərinin qarşıdakı görüşü sülh sazişinin bağlanması üçün real fürsət olacaq.
Gununsesi.info xəbər verir ki, o, axşam saatlarında televiziyada belə bir bəyanatla çıxış edib.
Alen Simonyan bildirib ki, Ermənistan və Azərbaycan liderlərinin İspaniyada gözlənilən görüşündə sülh sazişinin imzalanması üçün real şans görür.
“Biz həqiqətən də Qranadada bu addımı atmaq, bu tarixi fürsətdən istifadə etmək istərdik. Əbədi müharibə heç kimə lazım deyil” deyən Simonyan Avropa Şurası sədrinin vasitəçiliyi ilə keçirilən əvvəlki görüşlərdəki danışıqlarda irəliləyişi xatırladıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş Avropa İttifaqı Şurasının prezidenti, Fransa prezidenti və Almaniya kanslerinin iştirakı ilə İspaniyanın Qranada şəhərində keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində planlaşdırılır.
Sentyabrın 26-da Brüsseldə Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə prezidentin müşaviri, həmçinin Fransa prezidenti Makron, Almaniya kansleri Şolts və Avropa Şurasının sədri Mişelin müşavirləri ilə Qranada görüşün hazırlanması üçün görüş planlaşdırılır.
Səid Əhmədli
Gununsesi.info