“İrəvan razılığa əməl etməsə, döyüşlər davam edəcək” - Putinin eks-müşaviri

  • By admin
  • 13 Sentyabr 2022 12:58

Rəsmi İrəvan 10 noyabr tarixli üçtərəfli bəyannamənin tələblərini icra etmir, ona görə də tez-tez iki ölkə arasında belə hadisələr baş verir.

Bunu Ermənistanın sərhəddə törətdiyi təxribatlar barədə Modern.az-a açıqlama verən Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markov deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında silahlı toqquşmaların olmaması üçün tərəflər arasında 10 noyabr 2020-ci il tarixli sazişin bəndləri tam icra olunmalı və sülh müqaviləsi bağlanmalıdır.

“Belə olmayan halda döyüşlər davam edəcək. Ermənistan öz qoşunlarını Qarabağdan tam çıxarmayıb, nəqliyyat dəhlizləri hələ də açılmayıb. Ermənistan sərhədin demarkasiyası və delimitasiyası prosesini uzadır. Qarabağın ermənilər yaşayan hissəsində Azərbaycan heç bir əməliyyat həyata keçirmir. Atəşkəsin əldə olunması üçün vasitəçi dövlətlər lazımdır, bunların da başında Rusiya gəlir”, – deyə prezident Vladimir Putinin keçmiş müşaviri Sergey Markov vurğulayıb.

Xatırladaq ki, sentyabrın 13-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif hissələrində atəşkəsi davamlı olaraq pozub.

Gununsesi.info