
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda yunanstanlı həmkarıyla görüşdən sonra mətbuat konfransında deyib ki, Ermənistanın Azərbaycanın kommunkasiya xətlərindən istifadə etmək imkanı olmalıdır. “Sülh yalnız atəşkəsdən ibarət olmamalıdır” deyən erməni nazir sərhədlərin açılmasının, insanların və məhsulların kommunikasiya xətləri ilə keçid imkanlarının vacib olduğunu deyib. Ararat Mirzoyan mövzuyla bağlı sözlərinə bunları da əlavə edib: “Ermənistanın blokadasının davamı şəraitində sülh mümkün deyil. Əgər Azərbaycan Ermənistanın kommunikasiya imkanlarından istifadə edədəksə, Ermənistan da Azərbaycanın kommunkasiya imkanlarından istifadə etmək hüququna malik olmalıdır”.
Gununsesi.info xəbər verir ki, bu barədə danışan politoloq Elxan Şahinoğlu bildirib ki, əslində Mirzoyanın söylədiklərində qeyri-adi heç nə yoxdur. “Aydındır ki, Azərbaycan Zəngəzur dəhlizindən istifadə edərsə, Ermənistan da eyni dəmiryolu ilə Rusiya və Mərkəzi Asiya bazarlarına çıxış imkanı əldə edə bilər, hətta Ələt limanının imkanlarından istifadəsi də mümkündür. Ancaq bunun üçün Azərbaycan vətəndaşlarının Zəngəzur dəhlizindən yoxlamadan keçmədən istifadə imkanları olmalıdır”, – deyə o əlavə edib.
Politoloqun sözlərinə görə, rəsmi İrəvan Azərbaycanla hərtərəfli sülhün vacibliyindən danışarkən, gələcək sülhə təhlükə yaradan həmləyə hazırlaşır: “Ermənistanın ədliyyə naziri Qriqor Minasyan mətbuat konfransında bildirib ki, Ermənistan Roma Statutu vasitəsilə Azərbaycana qarşı “hərbi cinayətlərin araşdırılmasına” çalışacaq. Erməni nazirin sözlərinə görə, Ermənistanın istintaq orqanları Azərbaycana qarşı proseslərə beynəlxalq prokurorları cəlb edəcək. Deməli, Ermənistan bir tərəfdən Azərbaycanla sülh sazişi imzalayacaq, digər tərəfdən beynəlxalq səviyyədə bizə qarşı iddialar qaldıracaq. Bu sülh deyil, növbəti qarşıdurmanın anonsudur. Ona görə də Bakıdan İrəvana iki mesajın göndərilməsinə ehtiyac var. Birincisi, Ermənistan Azərbaycanla sülh sazişinin imzalanmasını və əməkdaşlığı arzulayırsa, ölkəmizə qarşı beynəlxalq aləmdə çirkin təbliğatdan əl çəkməlidir. İkincisi, Ermənistan beynəlxalq aləmdə Azərbaycana qarşı çirkin təbliğatdan imtina etməzsə, Azərbaycan da əlində olan sübut və rəqəmlərlə işğal dövründə Ermənistanın törətdikləri cinayətləri müxtəlif təşkilatların gündəminə daşıyacaq”.
Gununsesi.info