İrəvan Teatrının direktoru məhkəməyə verildi – AKTRİSADAN İFTİXAR PİRİYEVƏ SƏRT İTTİHAM

  • By admin
  • 27 Avqust 2019 16:58

 

 

 

 İrəvan Teatrının qeyri-qanuni işdən  uzaqlaşdırılmış aktrisası Şəbnəm Cəbrayılova adıçəkilən teatrın rəhbəri İftixar Piriyevi məhkəməyə verib.

Gununsesi.org-a açıqlamasında bu barədə danışan Şəbnəm xanım deyib ki, teatr rəhbərindən haqqını tələb etdiyinə görə, sosial şəbəkələrdə trol hücumuna məruz qalır: “Məhkəməyə verdiyim iddia ərizəsində narahatlıqlarla üzləşərək ağır vəziyyətə düşdüyümə və bunun nəticəsi olaraq uşağımı itirdiyimə görə İrəvan teatrının direktoru  İftixarPiriyevi,  avtobus sürməyə icazəsi olmadığı halda avtomobil sükanı arxasına əyləşərək  onu narahat idarə etdiyinə görə  aktyor-şofer Bəhruz Hikmətoğlunu,  hamilə qadının hüquqlarını müdafiə etməyə borclu olduğu halda, məni işdən çıxarmağa  tez- tələsik razılıq verib, qanunları pozaraq  direktorun göstərişinə əməl etdiyinə görə Teatr Həmkarlar Komitəsinin sədri aktyor Natiq Həziyevi günahlandırıram. Buna haqqım var. Sözüm sizədir. Uşağımı itirməyimə bais olduğunuz üçün bir insan olaraq hamınız utanın. “Balalarınızın qarşısına çıxsın!” qarğışı eləmirəm sizə. Balalarınızın günahı olmadığını, bala itirmiş ana olaraq, başa düşürəm. Bəs mənim  körpəmin günahı nə idi? Siz kişi ola- ola bu suala cavab verə bilərsiniz? Ürəyiniz ağrımır? Vicdanınız sızıldamır? Gecələr necə rahat yatırsınız?  FB səhifələrinizdə məni yalançı,  nankor, hamilə olduqumu, uşağımı itirdiyimi uydurduğumu yazırsınız, “qarnında yastıq gəzdirən qadın” adlandırırsınız. Telefon nömrəsi göndərib ərimlə “söhbət eləmək” istəyirsiniz? Dindar olduğuma görə mənə rixşənd edirsiniz? “Mənim haqqımda nəsə yazsan məndən incimə” yazaraq məni təhdid edirsiniz. Əlbir olub, uşağımı balaca Zəhranın gününə saldınız, özümü isə qızcığaz Elinanın özünə qəsd elədiyi zaman düşdüyü hala gətirmək istəyirsiniz. Cəmiyyətimizə daha bir şok yaşatmaq istəyirsiniz? Bəli, siz bunu istəyirsiniz.. Bu kişi işidir? Bəlkə ona görə çəsarətlənirsiz ki, yetim bir qızam, atam, qardaşım, dayım, əmim, əmim oğlu yoxdur? “.

Həmçinin, İftixar Piriyevdən qorxmadığını deyən aktrisa bildirib ki, o, haqqını sona qədər müdafiə edəcək: “Mən sizdən qorxmuram. Çünki mən, sizin kimi, xalqımın mənəvi dəyərlərinə ziyan vuran birisi deyiləm. Həmişə qadına ehtiram və hörmətlə yanaşan  Azərbaycan kişisinin adına ləkə yaxırsınız! Siz bu dəyərlərə balta vurursunuz! Kişi aktyorlarımızın, teatr sənətkarlarımızın, teatr rəhbərlərinin, vəzifə adamlarının pic imicini yaradırsınız. Cəmiyyətimizdə qadına edilən hörməti tapdalayırsınız. Sizdən çəkinmirəm! Çünki, özünüzün də  qeyd etdiyiniz kimi, Hüququ dövlətdə yaşayırıq. Məni hüquq müstəvisində müdafiə edə biləcək qeyrətli hakimlərimiz, cəsarətli vəkillərimiz sözlərini deyəcəklər. Onlar məni, qanunlarımızın kölgəsində gizlənib hər an onu baltalayanların qarşısında, tək qoymayacaqlar. Hüquqi qanunlar öz yerində. Bir qadın ola-ola bilirəm ki, Cəmiyyətimizin yazılmamış “kişilik” qanunları da var. O qanunlardan da xəbəriniz yoxdur? Bilin, bu ölkədə sizin kimilərə “Dur!” deyə biləcək əsl  kişilər hələ çoxdur.  Yetim bir qıza atalıq, əmilik, dayılıq, qardaşlıq edə biləcək Azərbaycan kişiləri qabağınıza çıxacaq. Bu ölkə hələ sahibsiz deyil!  Təkrarən ana olmaq ehtimalımı cıfıra endirdirib, bu haqqımı əlimdən aldığınıza görə, bir qadına qarşı göstərdiyiniz şiddətə görə, əmilərimə, dayılarıma, əmim və dayım oğlanlarına cavab verməli olacaqsınız. Bax onda birləşib mənim üçün qurduğunuz “oyunu”etiraf edəcəksiniz!  Bax onda əsl simanız üzə çıxacaq.

Əgər mənim bu çətin halımda, bir daha haqqımda nalayiq ifadələr işlətsəniz hüquq mühafizə orqanlarına rəsmi müraciət edəcəm. Sizdən fərqli olaraq xəlvəti iş görməyə adət etməmişəm. Xəbərdarlığımı etdim”.

 

Gunay Təhməzova

Gununsesi.org a