İrəvana dönüş bəyanatının ermənilərdə yaratdığı qorxu - MÜRTƏZA BÜNYADLI YAZIR

  • By admin
  • 10 Fevral 2018 13:34

Azərbaycan prezidenti İlham Əliyevin YAP-ın 6-cı qurultayında “Biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı – bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq” fikri Ermənistan cəmiyyətində, xüsusən hakim komandada ciddi təşviş həyacanı yaradıb.

Artıq iki gündür erməni mediası, politoloqlar, rəsmilər, hətta Serj Sərkisyan məsələyə özünəməxsus formada reaksiya verib. Ermənistan hakimiyyətinin Azərbaycan prezidentinin bu mövqeyinə təcili və heç bir arqumentə sığmayan formada reaksiya verməsi bir da onların təşviş və qorxu içində olduğunu göstərir.

Serj Sərkisyan və onun cinayətkar dəstəsi onun da fərqindədir ki, Azərbaycan artıq 90-cı illərin Azərbaycanı deyil. Bu gün Azərbaycan öz torpaqlarını qısa zamanda işğaldan azad etməyə qadir bir ölkədir və belə bir güclü orduya malikdir. İrəvanı narahat edən məsələ budur. İrəvanı narahat edən digər bir məqam isə artıq beynəlxalq aləmdə və regionda baş verən proseslər Ermənistanın ziyanına işləyir. İrəvan onun da fərqindədir ki, uzun müddət ondan bir alət kimi istifadə etdiyi ölkələr, lazımi məqamda  ölkələrinin maraqları naminə onları qurban verəcək. İrəvanın yuxusunu ərşə çəkən daha bir məqam budur.

Ermənilərin yuxusunu ərşə çəkən digər bir məqam isə Azərbaycanda prezident seçkilərinin aprelin 11-nə təyin edilməsi və Ermənistandakı seçkilərlə eyni dövrü əhatə etməsidir. Yəni Azərbaycan tərəfinin İrəvanı Azərbayacana qarşı planlaşdırdığı məkrli planları alt-üst etməsi və onu qəfil yaxalaması Ermənistan rəhbərliyini, xaricdəki erməni lobbisi və ermənipərəst qüvvələri pat vəziyyətdə qoyub, Azərbaycan əleyhinə fəaliyyətinin qarşısını almasıdır.

Əksinə belə qəfil qərarla Azərbaycan tərəfinin əks-hücum taktikasını seçməsi və bunu uğurla davam etdirməsi  qarşı tərəfi seytnot vəziyyətə salıb. Məhz bu seytnotun təsiri Ermənistan rəhbərliyinin verdiyi bəyanatlar və açıqlamalarda da hiss olunmaqdadır.

İrəvan onun da fərqindədir ki, onlar bir alət rolunu ifa ediblər və kənara atılmaqdadırlar. İstəsələr də bu alət rolundan çıxıb öz maraqlarını təmin  edə bilməyəcəklər. Onlar  gösətərdikləri “xidmətlərə” görə lazımınca mükafatlandırılmayacaqlar. Əgər belə olsaydı Ermənistan bölgədə həyata keçirilən mühüm layihələrdə yer alardı. Ancaq  Azərbaycanın həyata keçirdiyi çevik və uğurlu siyasət  nəticəsində Ermənistanı nəinki  bölgədəki bütün layihələrdən kənarda qoyub, bu ölkəni əhəmiyyətsiz, perspektivsiz bir coğrafi məkana çevirib.

Bu baxımdan ermənilərin bu işğalçılıq siyasəti ilk olaraq onların özlərinə zərbə vurdu. Yüz il bundan öncə tarixi Azərbaycan torpaqlarında dövlət qurduqları ilə kifayətlənməyən  ermənilərin  nəfslərinə hakim kəsilə bilməməsi nəticədə özlərinin ziyanına işləməsinin acısını yaşamqdadırlar. İrəvanın bu işğalçılıq siyasəti nəticədə erməni xalqını  gələcəyinə inamsızlıq, ümidsizlik girdabına  salıb. Yaranmış vəziyyətdən çıxış yolunu görməyən və onları idarə edən rəhbərlərin buna qadir olmadğında, əksinə onların yürütdü siyasətin gələcəkdə cəmiyyəti daha pis günlərə sürükləyəcəyini anladıqlarından  ölkəni birdəfəlik tərk etməkdə  görürlər.

Xalq sürətlə ölkəni tərk etməkdədir və bu proses davam edir. Belə davam edərsə yaxın gələcəkdə Ermənistanda ciddi demoqrafik vəziyyətlə üzləşməli olacaq. Bu isə Ermənistanın bir dövlət olaraq məhvinə gətirib çıxaracaq.

Artıq erməni rəsmiləri, deputatları da ölkədəki demoqrafik vəziyyətin böhranlı vəziyyətdə olması barədə açıqlamalar verirlər.

Ermənilərin ölkəni sürətlə boşaltmasının tək səbəbi iqtisadi sıxıntı deyil. Əsas  səbəblərdən biri məhz birincisi, xalq artıq anlayır ki, bu işğalçılıq siyasəti sonda onların məhvinə gətirəcək. Odur ki, artıq xalq onları idarə edənlərin “oxuduğu mahnılarına” inanmır. Sadə vətəndaş övladını bu mənasız üzücü müharibədə qurban vermək istəmir və  bu coğrafi məkanı birdəfəlik tərk edirlər. Ermənistan rəhbərliyi bunu görür və düşdüyü vəziyyətdən çıxış yolu tapa bilmir. Necə deyərlər dilemma qarşısındadır. Çünki indiyədək yürütdüyü işğalçılıq siyasətinin,  dünyadakı qeyri-müəyyən geosiyasi vəziyyət, bölgədə gedən proseslərin onların ziyanına  işlədiyini və getdikcə də daha  çıxılmaz vəziyyətə düşdüklərini yaxşı anlayırlar. Düşdükləri vəziyyətdən isə çıxış yolu tapa bilmirlər.

Bütün bunların fonunda Azərbaycan prezidentinin son bəyanatı Ermənistan hakimiyyətinə və cəmiyyətinə bir öldürücü zərbə vurmaqla təşvişə salıb. Ermənistan cəmiyyətində hər an müharibənin başlanması və yenə də mənasız yerə erməni gənclərinin ölməsi qorxusu yaşanmaqdadır.

Son olaraq Azərbaycan prezidentinin söylədiyi kimi, elə Ermənistan rəhbərliyinin yanlış siyasəti Azərbaycan türklərinin əzəli tarixi torpaqları olan İrəvana, Göyçəyə, Zəngəzura, Basarkeçərə, Dərələyəzə dönüşünü təmin edəcək.

Mürtəza Bünyadlı

Gununsesi.info