İrəvana silah satışında ŞOK FAKT: Fransa Gürcüstanı bu məsələdə şantaj edib

  • By admin
  • 13 Noyabr 2023 12:14

Fransanın Ermənistana satdığı hərbi texnikanın iki yolla – Gürcüstan və ya İran üzərindən Ermənistana çatdırılması mümkün idi.

Gununsesi.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Paris Tehranla bu məsələdə sövdələşməyə getmək istəmədi. “Demək, Paris Gürcüstan hakimiyyətinin razılığını almaq üçün çalışmalı idi. Gürcüstan Azərbaycanın strateji tərəfdaşı olsa da, Fransanın təzyiqi və şantajı qarşısında hərbi texnikanın öz ərazisindən keçidinə şərait yaradıb”, – deyə o bildirib.

Politoloq qeyd edib ki, görünür, Fransa Gürcüstanı Avropa İttifaqı üzvlüyü məsələsi ilə şantaj edib: “Yəni deyiblər ki, “Avropa İttifaqının üzvü olmaq və Fransanın dəstəyini almaq istəyirsənsə hərbi texnikanın keçidinə şərait yaratmalısan”. Tiflisdə düşünüblər ki, hərbi texnikanın keçidinə şərait yaratmaq Parisə “yox” cavabından daha faydalıdır. Halbuki, Gürcüstanın Ermənistana hədiyyəsini gərək unutmayaq”.

Qeyd edək ki, sosial şəbəkələrdə Fransanın Ermənistan üçün nəzərdə tutulan hərbi texnikasının Gürcüstan ərazisindən keçərək hərəkətini əks etdirən görüntülər yayılıb.

Noyabrın 11-dən 12-nə keçən gecə Fransanın “Acmat” şirkətinin istehsalı olan “Bastion” çoxməqsədli zirehli texnikası Gürcüstanın Poti limanına göndərilib.

Hələlik rəsmi Tiflisdən bununla bağlı heç bir açıqlama yoxdur.

Azərbaycan Xarici İşlər Nazirliyi Fransa tərəfindən Ermənistana hücum xarakterli “Bastion” zirehli avtomobillərinin göndərilməsini qətiyyətlə pisləyib.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Ermənistana hərbi texnika göndərməsi ilə bağlı suallara cavabında bildirib.

Gununsesi.info