İrəvanın verilməsi: Azərbaycana məxsus olmasının sübutu kimi - VAHİD MUSTAFAYEV YAZIR

Ümumiyyətlə, İrəvanın ermənilərə güzəşt edilməsi məsələsinin doğru olub-olmaması yeni mövzu deyil. Bu faciənin tarixçəsi 1918-ci ilin 29 mayından başlayır və İrəvan Azərbaycana birləşənədək də davam edəcək. Burda hər bir mübahisəli məsələdə olduğu kimi, müxtəlif fikirli və qütblü tərəflər olub, var və olacaq. Bu məni narahat etmir. Mən qorxuram ki, sabunlu, çirkli su ilə birlikdə uşağımızı da ata bilərik və ya qaş düzəltmək yerinə vurub gözü də çıxarda bilərik.
Bu sırada alimlərimizə qarşı son demarş və təhqir kampaniyası məni çox məyus etdi…
Axı balaca bir Azərbaycanın nə qədər

Solmaz Rustamova-Togidi

si, Firdovsiyyə Əhmədovası və ya Qulu Meherremlisi var ki, onları, minlərlə tələbəni tərbiyə etmiş və təhsil vermiş alimlərimizi “vətən xaini” adlandırırlar? Axı alimlər bir gündə yaranmırlar – hər bir dövlət və ya cəmiyyət alim adına layiq ola biləcək vətəndaşı üçün onilliklər və milyonlarla vəsait sərf edir və onlar minlərlə namizədlər arasında ələnərək seçilir ki, Ana Vətənə layiqincə xidmət göstərsinlər; fərqi yoxdur bu biologiya, zoologiya, riyaziyyat, kosmonavtika və s., sahəsidir, ələlxüsus Azərbaycanın bu gününə su kimi vacib olan tarixçiləri… Xanımlar və canablar, sizcə bu gün Azərbaycanda ən ünlü və peşəkar tarixçiləri damğalayaraq ləkələmək kimə maraqlı ola bilər və ya lazımdır?

Yuxarıda yazdığım kimi, elmin istənilən sahəsində və əsasən də tarix elmində daim mübahisələr olub, var və olacaq – amma bu mübahisələr elm xadimlərinə layiq zadəganlıqla aparılmalıdır. Hər iki tərəf Azərbaycanlıdır və bu adı hər iki tərəfə Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski və onların silahdaşları verib! Döyüş məkanı olan Bakını da onlar bizə ərmağan edib. O ki qaldı İrəvana, bir anlıq təsəvvür edin – adlarını çəkdiyim bəylər bu hadisəni, yəni İrəvanı ermənilərə güzəştə getmə faktını sənədlərdə əks etdirməsəydilər, bu gün Siz nəyə arxalanıb İrəvanın Azərbaycana məxsusluğu haqda danışacaqdınız? Axı Çar Rusiyasının cənubunda yalnız iki sərhəd var idi – Türkiyə və İran. İmperiya daxilində heç bir sərhəd yox idi, yalnız quberniyalar… Məsələn, Erivanskaya Quberniya və ya Yelizavetpolskaya Quberniya və s. və i. Bundan əlavə, erməni fraksiyasının heç bir sənədində bu torpaqların onlara güzəştə verilməsi haqda bir sətir də yoxdur… Bundan əlavə, Andronik Ozanyan, Dro Kanayan, Qaregin Njde, Foma Nazarbekyan və digər silahlı qüvvələr komandanlarını unutmaq lazım deyil! Hər birinin azı 3000-dən 10000-dək silahlı qüvvəsi var idi və Zəngəzur, Qarabağ, ümumiyyətlə Yelizavetpol (Gəncə) Quberniyasının çox hissəsi, elə İrəvanın özü də onların nəzarəti altında idi!
Amma xatırlayırsınızsa, ANS-in mövcudluğu dövründə bu cür problemlər, təhqiredici və Azərbaycanlı adını alçaldan mübahisələr olmurdu. Mən ilk günlərdən tarixi-maarif məsələlərinə ciddi diqqət yetirir və ANS TV və Milli Qəhrəman Çingiz Mustafayev adına radio – 102 FM ANS-ÇM dalğalarında müxtəlif verilişlər və proqramlar yaradırdım. Bunların başında Leninqradın Jdanov adına Universitetini və aspiranturasını bitirmiş qardaşım Seyfulla Mustafayev dayanırdı. O, istənilən verilişi bir alim üzərində qurmurdu, bütün yerli tarixçi və araşdırmaçıları həmin verilişlərə dəvət edərək onların mövqeyini cəmiyyətə çatdırırdı. “Heç kim və heç nə unudulmayacaq”, “Dahilərin Divanı”, “Şəxsiyyət Vəsiqəsi”, “Ölümdən 24 saat əvvəl”, “Keçmişə Salam” və s. Bundan əlavə, ANS-də Sənədli filmlər Departamenti yaratmışdım. Onlar hər həftə Azərbaycanın keçmiş və müasir tarixi haqda 1 saatlıq filmlər verirdilər. Mən özüm, Seyfulla, Sevil Nuriyeva, Sevda Həsənova, Aidə Əliyeva, Gülşən Əliyeva,

Eldəniz Elgün, Anar Cəbrayilli, Qənirə Paşayeva), Zəminə Əliyeva, Afət Telmanqızı, Ləman Ələşrəfqızı, Vüsal Cəfərov və digərləri yüzlərlə tarixi-sənədli filmlər yaradaraq xalqı maarifləndirirdilər və bununla da müxtəlif qütblü düşmənlərin ideoloji-propaqandist hücum və tarixi təhriflərinin qarşısını alırdıq!
Bu gün Sizə təqdim etdiyim videomaterial Seyfulla Mustafayevin rəhbərliyi ilə Ləman Ələşrəfqızının müəllifi olduğu, Vasif Memmedzade (rejissor) və Vüsal Cəfərovun (operator) Azərbaycan Xalq Cümhuriyyəti haqda yaratdığı filmdən fraqmentdir. Baxın bu filmə – çəkiliş qrupu Bakıdan Lahıca, Lahıcdan Tiflisə, və s. məntəqələri qarış-qarış gəzərək, bir sıra respondentlərlə işləyərək və intervyu alaraq hazırlayıb. Mən hələ Ləmanın arxıvlərdə gözlərini zəiflətməsindən danışmıram. Araşdırma belə olar – maraqlı, məntiqli, hərtərəfli, bahalı və ən əsası, bir neçə mənbə və mövqelərə əsaslanan!
Filmə tam baxmaq istəyənlər isə bu istiqamətdə gedə bilərlər:
Xatırlatmaq istəyirəm ki, bu film 2016-cı ilin aprel ayında çəkilib və

Vasif Qafarov

onda AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycan Xalq Cümhuriyyəti tarixi” şöbəsində yarımştat vahidi üzrə aparıcı elmi işçi vəzifəsində çalışırdı…

Yeri gəlmişkən, Azərbaycanda universiteti də Məhəmməd Əmin Rəsulzadənin təklifi və təkidi ilə yaradıblar və mənim babam Əliməmməd Mustafayev onun ilk müəllimlərindən olub! Bizim ailədə müəllimlərə və əsasən qadın alimlərə hörmət ənənədir – ona görə də, hörmətli Solmaz xanım və Firdovsiyyə xanım, mən Sizin əməyinizi çox yüksək qiymətləndirirəm! Birinci Qarabağ müharibəsində biz ona görə vürüşmamışıq ki, bu gün qadınlarımızı təhqir etsinlər. Ona görə də Azərbaycanlı mentalitetinə yad olan belə münasibətə görə Kişilər adından Sizdən üzr istəyirəm!
https://www.youtube.com/watchv=74nlYRuXk_0&feature=youtu.be&fbclid=IwAR139RFfTyNW2mVdt7Sn38h1TF5U-PkrmnH1dNyEef2y7taRkzLG97sV93U
Vahid Mustafayev
ANS Şirkətlər Qrupunun rəhbəri