İrəvanla danışıqların çətin olmasının səbəbi budur

  • By admin
  • 02 Mart 2024 08:35

Azərbaycan və Ermənistan arasında təşkil edilən görüşlər harda baş tutmasından asılı olmayaraq, ilk növbədə tərəflər arasında keçirilir. Hansısa dövlətin ərazisində keçirilməsi simvolik xarakter daşıyır və ev sahibi olan ölkə danışıqlara müdaxilə etməməli, neytrallığını qorumalıdır.

Gununsesi.info bildirir ki, bu sözləri axar.az-a Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Berlində 28-29 fevralda keçirilən ikitərəfli görüşlər haqqında danışan Türkiyənin Sütçü İmam Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Toğrul İsmayıl deyib.

Professor Berlinin neytrallığının tərəfləri qane etdiyini bildirib:

“Fransada belə bir görüşün keçirilməsi mümkün deyil, çünki tərəfdir. Azərbaycanın Almaniyanın təklifini qəbul etməsi isə Avropadan qaçmadığını və danışıqlar üçün platforma təklif edən ölkənin tərəfsizliyinin əsas şərt olduğunu göstərir. Bu görüş Vaşinqtonda, Moskvada, İstanbulda və s. yerlərdə keçirilə bilər. Ancaq görüşün birbaşa tərəflər arasında olduğunu danışıq üçün masa təklif edənlər unutmamalıdır. Müdaxilə yolverilməzdir. Münhen Təhlükəsizlik Konfransında İlham Əliyev, Olaf Şolts və Nikol Paşinyan arasında keçirilən ikitərəfli və üçtərəfli görüşlər, eyni zamanda bunun davamı kimi xarici işlər nazirlərinin Berlində 2 gün davam edən müzakirəsi müsbət hadisədir. Bu, ilk növbədə tərəflərin Almaniyanın neytral mövqeyini qəbul etdiyini, ikincisi isə masada irəliləyiş əldə olunduğunu göstərir. Nəticələr haqqında indidən danışmaq tezdir. Çünki Ermənistan konstitusional səviyyədə irəli sürdüyü ərazi iddialarından əl çəkməyə hazır deyil. Ermənistan bir dövlət kimi bu iddiaların üzərində bərqərar olub. Bunu dəyişmək uzun illərdir insanların beyninə yeridilən saxta və qan qoxan ideologiyadan imtina etmək deməkdir və olduqca çətin prosesdir. Vacib məqam isə odur ki, tərəflər masada oturmaq iradəsini nümayiş etdirə bilir. Ermənistan nə qədər tez sülh müqaviləsi imzalasa, işğalçılıqdan əl çəksə, bu onun üçün daha faydalı olar”.

Alim Berlin və Paris arasındakı rəqabətin danışıqlara təsirindən də bəhs edib:

“Fransa və Almaniya müttəfiq olsa da, onların arasında hər zaman rəqabət var. Rəqabət danışıqlara da təsir göstərə bilər. Fikrimcə, rəsmi Parisin İrəvana təzyiq göstərməsi, danışıqlarda Almaniyanın önə keçməsinə mane olmağa çalışması mümkündür. Ancaq bütün hallarda belə təhrik və təzyiqlərin effektiv olmayacağını düşünürəm. Çünki Almaniyanın Türkiyə və Rusiya ilə əlaqələri də məsələyə təsir edən amillərdəndir. Ümumiyyətlə, Almaniya iqtisadi əlaqələrin inkişafı ilə Cənubi Qafqazda möhkəmlənmək, Fransa isə güc yolu ilə Ermənistan üzərindən Azərbaycanın təhlükəsizlik maraqlarını heçə sayaraq bunu etmək istəyir. Ona görə Makron bundan sonra da oyundankənar vəziyyətdə qalacaq”.

 

Gununsesi.info