“İrəvan bizi cavab tədbirlərinə əl atmağa vadar etmək istəyir” -Həmid Həmidov/ VİDEO

  • By admin
  • 18 May 2023 19:27

“İrəvan danışıqları pozmağa cəhd edir və bizi cavab tədbirlərinə əl atmağa vadar etmək istəyir”.

Bunu CBC telekanalının efirində “Global Media Group” şirkətinin media direktoru, tanınmış jurnalist Həmid Həmidov Ermənistanın Ordumuzun mövqelərinə PUA hücumları ilə bağlı son təxribatlarını şərh edərkən bildirib.

O, qeyd edib ki, Ermənistan bölgədə hərbi eskalasiyaya, vəziyyəti daha da gərginləşdirməyə çalışır.

“İrəvan anlayır ki, rasional olaraq artıq heç bir ümidi qalmayıb. Ona görə də danışıqları hər hansı yolla uzatmağa, mümkün qədər əlavə vaxt qazanmağa səy göstərir. Erməni tərəfinin siyasəti budur”, – deyə H.Həmidov bəyan edib.

Jurnalist vurğulayıb ki, rəsmi İrəvanın mövqeyindən danışarkən ölkədə siyasi hərc-mərcliyin hökm sürdüyünü də nəzərə almaq lazımdır.

“Ermənistanda kifayət qədər yüksək rütbəli dövlət məmuru və hərbçilər, o cümlədən generallar var ki, Paşinyan hökumətini və onun yürütdüyü siyasəti dəstəkləmirlər. Bəlkə də onlardan kimsə vəziyyəti bilərəkdən gərginləşdirir. Lakin biz hamımız Aİ Şurasının prezidenti Şarl Mişelin bəyanatını yaxşı xatırlayırıq. Burada Azərbaycan və Ermənistanın ərazisi kvadrat kilometrlərlə dəqiq göstərilib. Ermənistanın baş naziri də Brüsseldə danışıqlar zamanı bu müddəaları qəbul edib və uzun müddətdən bəri üzərində çalışdığımız bir məsələni – Azərbaycanın ərazi bütövlüyünü tanıyıb”, – “Global Media Group”un media direktoru vurğulayıb.

Daha ətraflı CBC TV-nin videomaterialında:

Gununsesi.info