İran 2 milyon qeyri-qanuni immiqrantı deportasiya edəcək

 İran 2025-ci ilin mart ayına qədər təxminən 2 milyon qeyri-qanuni immiqrantı deportasiya edəcək.

Gununsesi.info xəbər verir ki, bunu İran polis qüvvələrinin baş komandanı briqada generalı Əhməd Rza Radan bildirib.

İran rəsmiləri bildirirlər ki,  ölkədə təxminən 5 milyon əfqan var və onların çoxu qeyri-qanuni mühacirdir.

Ötən həftə Radan dövlət televiziyasına bağlı Gənc Jurnalistlər Klubuna (YJC) ölkədəki qeyri-qanuni mühacir problemi ilə bağlı açıqlama verib.

Ölkədəki qeyri-qanuni mühacir probleminə qarşı Daxili İşlər Nazirliyi və digər əlaqədar qurumlarla birlikdə tədbirlər görməyə çalışdıqlarını ifadə edən Radan, ökədə qeyri-qanuni olan xeyli sayda icazəsiz xarici vətəndaşı sonuna qədər deportasiya edəcəklərini vurğulamışdır.

1979-cu ildə Sovet İttifaqının Əfqanıstanı işğal etməsindən sonra İrana başlayan əfqan qaçqın axını ABŞ-ın işğalı, vətəndaş müharibələri və qeyri-sabitlik səbəbindən təxminən 42 ildir davam edir.

Xüsusilə son illərdə təhlükəsizlik, siyasi və iqtisadi problemlərin yaşandığı Əfqanıstandan İrana kütləvi şəkildə qeyri-qanuni mühacir axını müşahidə olunur. İran rəsmiləri bildirirlər ki, qeyri-rəsmi məlumatlara görə, ölkədə təxminən 5 milyon əfqan var və onların çoxu qeyri-qanuni mühacirdir.

Keçmiş daxili işlər naziri Əhməd Vahidi  2023-cü ilin oktyabrında bildirmişdir ki, qanunsuz immiqrantlar ölkəni tərk etməlidirlər.

O, əlavə etmişdir ki,  geri göndərilən və sonra ölkəyə qayıdan immiqrantlarla mübarizə üçün daha güclü mexanizm lazımdır.

Prezident Məsud Pezeşkiyan da seçki kampaniyası zamanı qeyri-qanuni mühacirlərin ölkədə narkotik və məşğulluq kimi ciddi sosial zərərlərə səbəb olduğunu və bu problemi həll edəcəklərini bildirib.

Digər tərəfdən İran ölkənin şərqində Əfqanıstanla sərhəddə 930 kilometr uzunluğunda divar inşa etməyə başlayıb.

Eyni zamanda Daxili İşlər Naziri İsgəndər Mumini sentyabrın 6-da verdiyi açıqlamada ölkədə qeyri-qanuni mühacirlərin bir çox problemlərə səbəb olduğunu və onların ən qısa zamanda deportasiya ediləcəyini bildirib.

 

Şəbnəm

Gununsesi.info