İran Azərbaycan gərginliyi tezliklə aradan qalxa bilərmi?

  • By admin
  • 11 İyul 2023 10:08

“İran Azərbaycan səfirliyinin təhlükəsizliyinin təmin olunmasına çox ciddi zəmanət verir”.

Gununsesi.info İRNA agentliyinə istinadən bildirir ki,  bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kanani iyulun 10-da Tehranda keçirdiyi həftəlik mətbuat konfransında deyib.

O, bildirib ki, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramov və Prezident İlham Əliyevlə səmərəli görüşləri olub.

“İran-Azərbaycan münasibətlərində müsbət dinamika müşahidə olunur. İran diplomatik korpusun təhlükəsizliyi ilə bağlı öz öhdəliklərini dərk edir və məsuliyyətlə hərəkət edir. Azərbaycan səfirliyi maksimum dərəcədə mühafizə olunacaq və biz ümid edirik ki, səfirliyin açılışını yaxın gələcəkdə görəcəyik”.

Bununla belə Azərbaycan hökumətini təmsil edən rəsmilərin, habelə parlament üzvlərinin açıqlamaları İranla Azərbaycan arasındakı gərginliyin tezliklər azalacağına inamı ifadə etmir.

Ekspert Elçin Rüstəmli də bildirir ki, Azərbaycan dəfələrlə İrandan gələn rəsmi bəyanatların ardınca  təxribatların şahidi olub: “İrandan Azərbaycana təhlükə var və bu hər zaman gözlənilir. Ona görə də Azərbaycan İsrail və digər müttəfiq ölkələrlə bu təhlükədən qorunmaq üçün əməkdaşlıq edir. Hesab edirəım ki, təhlükəsizlik əməkdaşlığı qarşıdakı dövrdə də davam etməlidir. Çünki, İran zaman-zaman öz niyyətini əməllərindı ifadə edib”.

 

Elmar Elnuroğlu

Gununsesi.info