Hazırda İran-Azərbaycan sərhədində yüzlərlə yük maşını qalıb.
Bəzi sürücülər bildirib ki, İran tərəfi problemin Azərbaycandan qaynaqlandığını deyir.
Həmin məhsulların içində isə ərzaq, kənd təsərrüfatı malları var və artıq onların xarab olma ehtinalı artır.
Sürücülər Gununsesi.info vasitəsi ilə məsələ ilə bağlı müraciət edib.
Maraqlıdır ki, həmin mallar Azərbaycana niyə buraxılmır?
Sözügedən hal ilə bağlı Dövlət Gömrük Komitəsinə sorğu ünvanlamışıq.
Ünvanlanan sorğuya cavab olaraq bildirilib ki, məsələ ilə bağlı Nazirlər Kabinetinə müraciət ünvanlanmalıdır, çünki onların səlahiyyətində olan məsələ deyil.
Nazirlər Kabinetinə isə ünvanladığımız sorğuya məsələnin araşdırılacağı cavabı verilib.
Qeyd edək ki, dünən Naxçıvan Beynəlxalq Hava Limanı İran tərəfindən dron zərbəsinə məruz qalıb.
Məlumata görə, hava limanına 3 dron zərbəsi olub.
Sosial şəbəkələrdə yayılan fotolarda hava limanı terminalının daxilində dağıntıların olduğu, tavan konstruksiyalarının və şüşələrin zədələndiyi görünür.
Eyni zamanda baş verən hadisədən sonra Bakıdan Naxçıvana uçuş ləğv edilib.
Məsələ ilə bağlı ölkə prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasını keçirib.
İclas zamanı İlham Əliyev bildirib ki, bu, İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktıdır.
Azərbaycan Prezidenti İlham Əliyev İranın Naxçıvana dron hücumu ilə bağlı keçirdiyi Təhlükəsizlik Şurasının iclasında bildirib ki, Silahlı Qüvvələrimiz – Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib. Dövlət başçısı vurğulayıb ki, ordumuz istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar.
Onu da vurğulayaq ki, artıq bu gün Azərbaycan diplomatları da İrandan çıxarılır.
Orxan
Gununsesi.info












