İran Gürcüstan üçün də potensial təhlükədir

  • By admin
  • 17 Noyabr 2022 10:08

İran-Azərbaycan münasibətlərində gərginlik hələ də davam edir. Molla rejiminin Azərbaycana qarşı çirkin təxribatları bu ölkənin bölgə üçün təhlükə saçdığını göstərir. Son hadisələr fonunda İranın casus şəbəkələrinin aktivləşməsi, eyni zamanda sərhəddə hərbi təlimlər keçirməsi və iranlı məmurların təhdid dolu çıxışları Azərbaycanla yanaşı, digər qonşu ölkələr üçün də ciddi siqnaldır.

Ekspertlər və siyasətçilər hesab edirlər ki, İranın bölgədə sülhün və əmin-amanlığın pozulmasına yönəlik fəaliyyəti Azərbaycandan savayı, Türkiyə və Gürcüstana da öz təsirini göstərəcək.

Son hadisələr barədə Modern.az-adanışan Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyevin fikrincə, İran Gürcüstan üçün də potensial təhlükəyə çevrilib:

“Məlum məsələdir ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti, xüsusi xidmət orqanları bu istiqamətdə xüsusi əməliyyatlar aparır. İranın Azərbaycanda olan agentura şəbəkəsinin aşkarlanması əməliyyatların nəticələrindən biridir. Bu fakt göstərir ki, İran nə qədər bəhanələr gətirsə də, müxtəlif təhdidedici addımlar atsa da, Azərbaycan xüsusi xidmət orqanları proseslərə nəzarət edir və bu istiqamətdə uyğun addımlar atılır. Düşünürəm ki, bundan sonra da eynilə davam edəcək.

Xüsusilə qeyd etmək lazımdır ki, bizim boru kəmərlərimizə, enerji sektoruna, gəmilərimizə və hərbi texnikamıza qarşı addımlar, bütün bunlar barədə yığılan məlumatlar heç də Azərbaycana qarşı dostluqdan xəbər vermir. İran dövləti Azərbaycana qarşı yetişdirdiyi agentlərinin qarşısına nəyin bahasına olur olsun xüsusi məlumatları toplamaq, bunları Tehrana ötürmək kimi “vəzifə” qoyur. Mən istisna etmirəm ki, İran bu məlumatları məhz Ermənistana ötürür. İran Ermənistanı öz tərəfdaşı elan edərək, Azərbaycana qarşı addımlara yol verməklə yalnış siyasət yürütdüyünün fərqində deyil. Qum şəhərində və İranın digər ərazilərində dini təhsil almış, maddi şirnikləndirmələr hesabına saxlanan agentura şəbəkəsi İran xüsusi xidmət orqanlarının dəst-xəttidir”.

Deputatın sözlərinə görə, Türkiyədə törədilən terror aktından sonra bir daha aydın oldu ki, bizim xüsusi xidmət orqanlarımız birmənalı şəkildə gücləndirilmiş rejimdə çalışırlar. Bu xüsusda Ermənistanın təxribatları, yenidən bu cür əməllərə əl atmaq niyyəti, regionda baş verən proseslər mütləq nəzərə alınır:

“Metropoliten, gəmi, hava limanı, ictimai nəqliyyat və insanların sıx toplaşdığı bütün əhəmiyyətli yerlər nəzarətdə saxlanılır, təhlükəsizlik tədbirləri gücləndirilir. Düşmənin, terror törədənlərin hər bir addımı izlənilir. Bölgədə sabitliyi pozmağa çalışan qüvvələr, o cümlədən İran təkcə Azərbaycan üçün deyil, Türkiyə və Gürcüstan üçün də təhlükə olaraq qalır. Özünü İslam dövləti adlandıran İranın İslamın əxlaq kodekslərinə zidd olaraq, məscidlərdə donuz saxlayan, müsəlmanları təhqir edən ermənilərə qucaq açdığı hər kəsə məlumdur. Digər tərəfdən, öz dinindən olan qonşularına qarşı təxribatlar törədirsə, İranın başqa dövlətlərə qarşı da eyni hərəkətləri etməyəcəyinə zəmanət yoxdur. Bütün region dövlətləri, o cümlədən Gürcüstan bu addımlardan sığortalanmadığını, İranın növbəti hədəflərindən birinə çevrilə biləcəyini istisna etməməlidir. Gürcüstan ərazisində də İran xüsusi xidmət orqanları əsasən azərbaycanlıların kompakt yaşadığı ərazilərdə məhzəb, din, sünni-şiə ayrılığını qabartmaqla, öz çirkin əməllərini həyata keçirməyə çalışır. Bununla da azərbaycanlıların sıx yaşadığı ərazilərdə əmin-amanlığı pozmaq, onların arasına nifaq salmaq, hətta bəzən guya Gürcüstan dövlətinə qarşı onları göstərməyə çalışırlar. Bu faktlar mövcuddur”.

Arzu Nağıyev söyləyib ki, terror törədənlərin məqsədi milliyyətindən, dinindən, etnik mənşəyindən asılı olmayaraq, hər kəsin, bütün insanların gözünü qorxutmaqdır:

“Bununla dövlətə qarşı inamı zəiflətmək, turizm sektorunu zəiflətmək, gələcəkdə siyasi məsələlərdə bu motivlərdən istifadə etmək niyyəti güdürlər. Terror qurbanlarına Allahdan rəhmət diləyirik, yaxınlarına səbr arzulayırıq. Azərbaycan Türkiyənin hər zaman yanındadır. Biz regionda sülhün və əmin-amanlığın tərəfdarıyıq. Buna qarşı çıxan, bölgədəki əməkdaşlığa kölgə salan qüvvələrin də qarşısını almağa qadirik”.

Gununsesi.info