İran həbsxanalarında aclıq aksiyasına başlayan türk fəalların sayı artır

  • By admin
  • 22 Yanvar 2021 15:27

İran Azərbaycanı və Tehranda həbsdə olunan bir neçə türk fəal yanvarın 13-dən bəri Ərdəbil həbsxanasında aclıq aksiyası keçirməkdə olan Yusuf Kariyə dəstək olaraq aclıq aksiyasına başladıqlarını bildiriblər.

Tanınmış siyasi fəal Abbas Lisani yanvarın 18-də aclıq aksiyasına başlayaraq Yusuf Kariyə dəstək bildirmişdi. Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, Evin həbsxanasında saxlanılan Siyamək Mirzayi və Ərdəbil həbsxanasında saxlanılan Əli və Rza Vasiqi qardaşları da yanvarın 20-dən aclığa başlayıb.

Həmçinin Tehranın Evin həbsxanasında saxlanılan türk dil haqları fəalları Tovhid Əmir-Əmini, Kiyanuş Aslani və Behnam Şeyxi ailələri ilə telefon danışığında yanvarın 21-dən aclıq aksiyasına başlayacaqlarını açıqlayıblar.

Ərdəbil həbsxanasında iki illik həbs cəzasını çəkməkdə olan Yusuf Karinin həbsxanaya nəzarət edən prokuror köməkçisinin pis davranışı və siyasi məhbusların hüquqlarının təmin olunmamasına etiraz olaraq aclıq aksiyası keçirdiyi bildirilir. Kari yanvarın 17-dən bəri, Abbas Lisani isə yanvarın 20-dən quru aclığa başlayıblar.

Yusuf Kari keçən həftə sağlamlıq məzuniyyəti tələbi ilə əlaqədar prokuror köməkçisi Sepehriyə müraciət edib. Sepehri məhbusları aşağılayaraq deyib ki, siyasi məhbusların haqqını tanımır. Milli fəal həmin gün prokuror köməçisinin göstərişi ilə həbsxananın karantin bölməsinə köçürülüb.

Gununsesi.org