ABŞ prezidenti Donald Tramp bildirib ki, İranda rejim və onun əlaltıları 47 il əvvəl bu qürurlu millətə nəzarət etdikdən bəri terrorizm, ölüm və nifrətdən başqa bir şey yaymayıblar. Onlar minlərlə Amerika hərbçisini və milyonlarla insanı öldürüb.
Tramp vurğulayıb ki, Vaşinqton heç vaxt İranın nüvə silahına sahib olmasına icazə verməyəcək. Onun açıqlamaları fonunda Birləşmiş Ştatlar ordusu yaxın şərqdə mövqeyini gücləndirməyə davam edir. Son olaraq, ABŞ İsrail hava bazasına ondan çox F-22 çoxməqsədli qırıcı təyyarə yerləşdirib.
Gununsesi.info-ya danışan siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ və İran öz mövqelərindən geri çəkilmir:

“Baxmayaraq ki, danışıqlar aparılır, ABŞ İranın nüvə zənginləşdirməsini tam dayandırmasını tələb edir, İran isə bunu yalnız mülki və tibbi məqsədlərlə istifadə etmək istədiyini vurğulayır”.
Məhəmməd Əsədullazadə qeyd edib ki, ABŞ İranın ballistik raket proqramından imtina etməsini və regional qüvvələri dəstəkləməməsini də tələb edir, lakin İranın buna razı olacağı ehtimalı aşağıdır.
“Hər iki tərəf sülh danışıqlarında maraqlıdır və görüşlər həm Oman, həm də İsveçrə ərazilərində davam edir”,-deyə o əlavə edib.
Siyasi şərhçi əlavə edib ki, mümkün hərbi müdaxilə halında İran cavab verməyə hazırdır.
“İran həm müharibəyə, həm də sülhə hazırlığını dəfələrlə bəyan edib”.
Qeyd edək ki, regiondakı proseslərin gedişi fevralın 26-da Cenevrə şəhərində keçiriləcək müzakirələrdən asılı olacaq. Görüşlərdə əsas mövzu İranın uran zənginləşdirilmə dərəcəsi və yüksək zənginləşdirilmiş uran ehtiyatları olacaq.
Şəbnəm









