İran MN: Azərbaycanla birbaşa danışıqları dəstəkləyirik

İranın müdafiə naziri Məhəmməd Rza Aştiani və onun erməni həmkarı Suren Papikyan çərşənbə günü Tehranda regional təhlükəsizliklə bağlı məsələləri müzakirə etmək üçün görüş keçirib.
Gununsesi.info “Mehr”ə istinadla xəbər verir ki, Aştiani bütün qonşularla əlaqələrin gücləndirilməsinin İran İslam Respublikasının xarici siyasətinin prinsiplərindən biri olduğunu bildirib. O əlavə edib ki, İran Ermənistanla əlaqələrinə böyük əhəmiyyət verir.
İranlı nazir ölkəsinin regionda sülhün bərqərar olmasına dəstəyini ifadə edib.
“İran İslam Respublikasının qətiyyətli mövqeyi region ölkələrinin ərazi bütövlüyünü və onların bütün əraziləri üzərində suverenlik hüququnu, beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişməzliyini dəstəkləməkdir”.
O, həmçinin vurğulayıb ki, Qafqaz regionu ilə bağlı İran bu siyasətə sadiq qalacaq və Azərbaycanla Ermənistan arasında birbaşa danışıqları dəstəkləyəcək.
 
Regional təhlükəsizliyə gəlincə, o bildirib ki, bu məsələ region ölkələri tərəfindən dəstəklənməlidir. Bu siyasətə zidd olan hər hansı yanaşma heç bir şəkildə qəbuledilməzdir.
Suren Papikyan da öz növbəsində deyib: “Bizim üçün hər iki ölkənin regionda sabitliyə eyni münasibət bəsləməsi çox vacibdir”.
O, həmçinin Tehran və İrəvan arasında daha sıx ikitərəfli münasibətlərə çağırıb.