“Azərbaycan-Ermənistan münasibətlərində sülh quruculuğu prosesi inkişaf etdikcə, iki ölkə arasında kommunikasiyaların açılması məsələsi də ən aktual müzakirə mövzularından birinə çevrilib”.
Bunu Gununsesi.info-ya açıqlamasında siyasi şərhçi Kamran Cəfərov bildirib.
Onun sözlərinə görə, kommunikasiyaların açılması və iqtisadi əməkdaşlığın başlanması gələcəkdə regionda dayanıqlı sülhün əsas sütunlarından biri olacaq:
“Bu baxımdan, sülh müqaviləsinin imzalanması və kommunikasiya xətlərinin açılması eyni prosesin – Cənubi Qafqazda sülh quruculuğunun ayrılmaz tərkib hissəsidir.
44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsi nəticəsində regionda yeni siyasi və geosiyasi reallıqlar formalaşdı.
Bu reallıqlar Cənubi Qafqazda uzun illər “dondurulmuş münaqişə” vasitəsilə öz geosiyasi təsir imkanlarını qoruyan regional aktorların, xüsusən də Rusiya və İranın mövqelərinin zəifləməsinə səbəb oldu. Məhz bu səbəbdən, Rusiya və İranın Azərbaycan-Ermənistan arasında kommunikasiya xətlərinin açılması prosesinə aqressiv yanaşması təəccüblü deyil”.
Kamran Cəfərov vurğulayıb ki, Zəngəzur yolunun açılması Azərbaycanın kontinental hissəsini Naxçıvanla, oradan isə Türkiyə vasitəsilə birbaşa Avropa ilə birləşdirəcək:
“Bu, region üçün yeni və mühüm iqtisadi imkanlar yaradaraq layihəyə ciddi geoiqtisadi əhəmiyyət qazandırır. Lakin bu proses İran üçün həssas məqamdır, çünki hazırda Azərbaycan və Naxçıvan arasında yükdaşımalar məhz İran ərazisindən həyata keçirilir. Bu isə Tehrana Bakıya qarşı təzyiq rıçaqlarından istifadə etmək imkanı verir. Digər mühüm məsələ isə Zəngəzur yolunun təhlükəsizliyinin təminatıdır.
Əgər ABŞ-la bu müstəvidə aparılan danışıqlar uğurla nəticələnərsə, bu proses İran üçün geosiyasi faciə demək olacaq. Bunun isə İranın daxili siyasətinə və regiondakı mövqelərinə ciddi təsir göstərəcəyi şübhəsizdir”.
Şəbnəm Rəhimova











