“İran öz siyasi xəttini korrektə etməlidir”

  • By admin
  • 29 Noyabr 2022 11:50

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti xüsusi əməliyyat keçirərək İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşməni və casus şəbəkəsini ifşa etdi. Bu əməliyyatlar nəticəsində ümumilikdə 24 nəfər saxlanıldı. Bu, həmişə ona xeyirxah münasibət bəsləyən Azərbaycana İranın “mehriban dostluq və qardaşlıq” niyyətinin göstəricisidir. Yaxud İran silahlı qüvvələrinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki sərhədində – Araz çayı boyunca hərbi təlimlər keçirməsi, bununla Azərbaycanı qorxutmağa çalışması onun müsəlman təəssübkeşi olmadığını təsdiq edir. İranın Vətən müharibəsi dövründə Azərbaycan Ordusunun Araz çayı boyunca uğurlu əməliyyatına mane olmaq cəhdi də unudulmayıb.

Hazırda İran ciddi ictimai-siyasi böhranla üz-üzədir. İnqilabdan ötən 40 il ərzində əhaliyə sözdən başqa bir şey verə bilməyən klerikal hakimiyyət çıxılmaz vəziyyətə düşüb. Sentyabrdan başlanan kütləvi aksiyalar İranın bütün şəhərlərini bürüyüb və üçüncü aydır davam edir. Əxlaq polisi tərəfindən zorakılığa məruz qalan 22 yaşlı qızın ölümü ilə başlayan kütləvi etirazlar heç də qadın hüquqları ilə əlaqəli deyil. Məsələnin mahiyyəti ondan ibarətdir ki, yuxarıda deyildiyi kimi, İran dövləti 40 il ərzində xalqına quru vəddən başqa bir şey verə bilməyib. Öz imkan və potensialını real dəyərləndirə bilməyən İran uzun illərdir geosiyasi ambisiyalarla yaşayaraq bu istiqamətdə siyasət yürüdür. Nüvə proqramını həyata keçirməklə dünyada hegemonluq etmək iddiasındadır. Bu səbəbdən də enerji resurslarından əldə olunan gəlirlər dövlət quruculuğuna, əhalinin firavanlığına, ümumilikdə ölkənin inkişafına deyil, Yaxın Şərqdə silahlı dəstələr saxlamağa və qonşu dövlətlərin, o cümlədən Azərbaycanın daxili işlərinə qarışmağa yönəldilir. İran Suriyada, İraqda, Livanda silahlı dəstələri maliyyələşdirərək dini-ideoloji xəttini həyata keçirməyə cəhd edir. Halbuki İranın bu siyasəti nəinki beynəlxalq aləm, hətta öz əhalisi tərəfindən də kəskin qınanır. Milli azlıqların hüquqsuzluğu, iqtisadi vəziyyətin ağır olması, siyasi ambisiyaların nəticəsində sanksiyalara məruz qalması və əhalinin sosial vəziyyətinin həddən artıq pisləşməsi insanların küçələrə çıxıb haqlarını tələb etməsi ilə nəticələnib. Ən başlıcası isə hakimiyyət bu etirazları nəzərə alıb vəziyyəti yaxşılaşdırmaq istəmir, əksinə etirazçılara qarşı qəddarlıq, onların qətlə yetirilməsi və məhkəməsiz edam edilməsi xalqın, necə deyərlər, səbir kasasını daşdırıb.

Diqqəti bu problemlərdən yayındırıb cəmiyyətdə həmrəyliyə nail olmaq üçün İran gah qərbdəki, gah da şimaldakı qonşularına qarşı əsassız iddialar irəli sürür.

Azərbaycan Respublikası heç vaxt İran üçün təhlükə törətməyib və törətmir. Dəfələrlə ən yüksək siyasi səviyyədə bildirilib ki, Azərbaycanın İsrail və ya digər bir dövlətlə diplomatik münasibətləri qətiyyən İrana və ya üçüncü bir dövlətə qarşı yönəlməyib. Ölkəmiz xarici siyasətini milli maraqlarını nəzərə alaraq qurur və bu işdə kiminsə məsləhətinə ehtiyacı yoxdur. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan öz ərazisindən üçüncü dövlətə qarşı istifadə olunmasına imkan verməyəcək.

Beləliklə, beynəlxalq təşkilatlar və qonşu dövlətlərlə münasibəti korlayaraq təqsiri üzərindən atmaq istəyən İran hakimiyyəti, ilk növbədə, öz siyasi xəttini korrektə etməlidir.

Gununsesi.info