
İran parlamentində baş verən terror hadisəsi son günlərdə Yaxın Şərqdə, xüsusən də ərəb ölkələri arasında baş verən proseslərin tərkib hissəsidir.
Bunu Gununsesi.info-ya açıqlamasında Yaxın Şərq üzrə ekspert Aidə Qəmbər deyib.
Onun sözlərinə görə, son illər Yaxın Şərq dünyanın ən gərgin bölgələrindən biridir və bu gərginlik davam etməkdədir. “Hesab edirəm ki, Körfəz ölkələrində baş verən indiki gərginliklə bu gün İranda baş verən hadisələr ümumi prosesin tərkib hissəsidir. Hadisələrin bir-biri ilə əlaqəsi var”- deyə, o, vurğulayıb.
Aida Qəmbər: “Azərbaycan ölçülü-biçili addımlar atmalı və düşünülmüş qərarlar verməlidir”
A.Qəmbər onu da əlavə edib ki, region yenidən çalxalanır və proseslər getdikcə daha da gərginləşə bilər: “Demək olar ki, region ölkələri bu və ya digər formada proseslərə cəlb olunublar. Hadisələr indi İran ətrafında baş verməkdədir”.
Proseslərin hansı məcrada inkişaf edəcəyinə gəldikdə isə A.Qəmbər deyib ki, proseslərə daha kəskin mərhələyə qədəm qoya bilər. “Ancaq indiki mərhələdə ABŞ-ın İrana qarşı hansısa konkret addımlar atması və ona qarşı sanksiyalar tətbiq etməsi o qədər də, inandırıcı deyil. Lakin proseslərin daha kəskin forma alması istisna deyil”, ekspert vurğulayıb.
Regionda baş verən proseslərin Azərbaycana təsirinə gəldikdə isə A.Qəmbər bildirib ki, bir vətəndaş olaraq bu proseslərin mümkün qədər Azərbaycana təsirsiz ötüşməsini istəyirik: “Amma bununla belə hesab edirəm ki, baş verən proseslərlə bağlı Azərbaycan ölçülü-biçili addımlar atmalı və düşünülmüş qərarlar verməlidir”.
Zərdüşt Əlizadə: “İrana demək istəyirlər ki, bax, terroru sənin də ərazinə keçirə bilərik”
Politoloq Zərdüşt Əlizadə Gununsesi.info-ya açıqlamasında bildirib ki, baş verən proseslərin son günlər ərəb dünyasında cərəyan edən proselərlə əlaqəsi var: “Çünki ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına səfəri zamanı İrana yönəlik müəyyən ismarıclar verdi. İran parlamentində baş verən terror hadisəsi ilə demək istəyirlər ki, bax, terroru sənin də ərazinə keçirə bilərik”.
Z.Əlizadə onu da əlavə etdi ki, dünyada terrorizmin inkişaf etməsinin səbəbləri var və ilk olaraq terroru yaradan səbəblərin qarşısı alınmalıdır: “Terroru yaradan amillərin əsas səbəbi beynəlxalq aləmdə qanunun aliliyinin pozulması, böyük dövlətlərin despotik rejimlərə dəstək verməsi, transmilli şirkətlərin daha çox gəlir əldə etməsi üçün fəaliyyət göstərdiyi ölkələrdə qanunun aliliyinin, insan hüquqlarının pozulmasına şərait yaratmasıdır. İnsanlar da qanunun aliliyinin təmin olunmasını görmədikdə, hüquqlarının kobud surətdə pozulduğunun qarşısını ala bilmədiyindən çıxış yolunu radikal hərəkətlərdə və terrorda görürlər. Əgər dünya birliyi terrorun qarşını almaq və ona qarşı effektiv mübarizə aparmaq istəyirsə, bu deyilən problemlərin həllinə nail olmalıdır. Bunları həll etmədən terrorla mübarizə lazımı effekt verməyəcək. Bu sadəcə deşilmiş su torbasına əski təpmək kimi bir yedir. Burdan deşiyi tutacaqsan, digər yerdən axacaq. Terror da bax, belə bir şeydir. Ona görə də, terrorun qarşısının alınması üçün kompleks tədbirlər həyata keçirilməlidir. İlk növbədə də yuxarıda dediyim məsələlər öz həllini tapmalıdır”.
Mürtəza
Gununsesi.info