Türkiyə və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan və İbrahim Rəisi gözlənilən danışıqlarda Qəzzada atəşkəsə nail olmaq və girovların azad edilməsi üçün atılacaq addımları müzakirə edəcəklər.
Gununsesi.info bildirir ki, “RİA Novosti” agentliyi bu barədə Ankaradakı diplomatik mənbəyə istinadən xəbər verib.
Daha əvvəl Türkiyə paytaxtındakı diplomatik mənbə agentliyə bildirib ki, İran prezidentinin Türkiyəyə iki dəfə təxirə salınmış səfəri yanvarın 24-də baş tuta bilər.
“Qəzzadakı vəziyyət, bununla bağlı atılacaq addımlar danışıqların əsas gündəmi olacaq. Liderlər atəşkəsə nail olmaq və girovların azad edilməsi istiqamətində atılacaq addımları müzakirə edəcəklər. Regiona humanitar yardım göstərilməsi üçün səylər də müzakirə olunacaq”, – deyə agentliyin həmsöhbəti bildirib.
Qeyd edək ki, İran prezidentinin Türkiyəyə səfəri noyabrın sonuna planlaşdırılsa da, yanvarın 4-nə təxirə salınıb. Bu səfərdən bir gün əvvəl İranın cənub-şərqində yerləşən Kirman şəhərində terror aktı baş verib. Bu səbəbdən İran prezidentinin Türkiyəyə səfəri ikinci dəfə təxirə salınıb.
Gununsesi.info