İran Putini Tehranda gözləyir - SƏFİR

  • By admin
  • 16 May 2022 10:27

İran Rusiya prezidenti Vladimir Putinin Tehrana səfərini gözləyir.

Gununsesi.info RİA Novosti-yə istinadən xəbər verir ki, bunu İranın Moskvadakı səfiri Kazem Cəlali bildirib.

“Biz Rusiya Federasiyasının prezidenti cənab Putini lazımi vaxtda Tehranda qəbul etməyə hazırıq. Biz həmçinin Astana formatlı ölkələrin başçılarının Tehranda sammitinin keçirilməsində maraqlıyıq”, – səfir bildirib.

O, İran prezidenti İbrahim Rəisinin bu il yanvarın 19-20-də Moskvaya səfərinin iki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi olduğunu vurğulayıb.

Səfirin sözlərinə görə, son bir neçə ayda iki ölkə prezidentinin razılaşmalarının həyata keçirilməsi məqsədilə müxtəlif sahələri təmsil edən çoxsaylı nümayəndə heyətlərinin səfərləri baş tutub.

Kazem Cəlali bildirib ki, İran və Rusiya Federasiyası neft-qaz sektorunda yaxşı qərarlar qəbul ediblər, Tehran Moskvaya bu sənayedə “əməkdaşlıq kartı” verib.

Onun sözlərinə görə, İran prezidenti İbrahim Rəisinin rəhbərlik etdiyi hökumətin iş gündəliyinə Rusiya şirkətləri və Rusiya hökuməti ilə enerjinin müxtəlif sahələrində əməkdaşlıq sahələrinin ciddi şəkildə nəzərdən keçirilməsi daxildir.

“Tərəflər neft və qaz yataqlarının hasilatı, işlənməsi, emalı, neft emalı, neft kimyası və neft-qaz sənayesində strateji əhəmiyyət kəsb edən avadanlıq və texnologiyaların transferi sahəsində danışıqlar aparıb və yaxşı qərarlar qəbul ediblər”, – səfir bildirib.

“Hətta Rusiya ilə hərtərəfli və dolğun əməkdaşlıq xəritəsi tərtib edilib və o, Rusiya Federasiyasının rəsmilərinə təhvil verilib”, – Cəlali bildirib.

Gununsesi.info