Bu təlimlər İran rejiminə göndərilən ciddi siqnal və xəbardarlıqdır - Azay Quliyev

  • By admin
  • 06 Dekabr 2022 12:25

“Azərbaycan və Türkiyənin “Qardaş Yumruğu” adı ilə başladığı birgə hərbi təlimlər ictimai rəydə ciddi müzakirə olunur. Bu da təsadüfi deyil, çünki, bu təlimlər ilk növbədə Şuşa Bəyannaməsinin və digər saziş və müqavilələrin müddəalarına uyğun olaraq iki qardaş ölkənin vahid ordu sisteminə sürətli keçidinin verdiyi müsbət nəticələrin nümayişidir”.

Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Azay Quliyev deyib.

Deputatın sözlərinə görə, təlimlərin Bakı şəhəri ilə yanaşı Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərində keçirilməsi bizi neçə müddətdir təhdid edən İran rejiminə göndərilən ciddi siqnal və xəbardarlıqdır: “Artıq İran hakimiyyəti bundan dərs çıxarmalı və Azərbaycana qarşı təhdidlərinə və siyasi təxribatlarına son qoymalıdır.
Həmçinin, təlimlərə daha sonra qardaş Özbəkistan və Qırğızıstan da qoşulacaq ki, bu da Türk Dövlətləri Təşkilatının hərbi sahədə də əməkdaşlığını və inteqrasiyasını gücləndirəcək, Türk dövlətlərinin vahid müdafiə sisteminin formalaşması istiqamətində növbəti uğurlu addımdır”.

Gununsesi.info