İran Rusiya ilə hərtərəfli strareji tərəfdaşlıq sazişi imzalamağa hazırdır - Məsud Pezeşkian

İran oktyabrda Kazanda keçiriləcək BRİCS sammitində Rusiya ilə hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalamağa hazırdır.

Gununsesi.info İRNA agentliyinə istinadla xəbər verir ki, bu fikirləri  İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkian Rusiya Prezidenti  Vladimir Putinlə telefon danışığı zamanı səsləndirib.

“İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sazişi üzrə sənədlərin hazırlanması başa çatıb, biz onu Rusiyada keçiriləcək BRİCS sammiti çərçivəsində imzalamağa hazırıq. Biz dostumuz və qonşumuz olan Rusiya ilə münasibətlərə böyük əhəmiyyət veririk və şübhəsiz ki, bu əlaqələri gücləndirəcəyik”, – deyə İran prezidenti qeyd edib.

Həmçinin Pezeşkian Putinlə söhbəti zamanı iki dövlət arasında BRİCS, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Avrasiya İqtisadi İttifaqı (Aİİ) və beynəlxalq və regional təşkilatlar platformalarında əməkdaşlığın vacibliyini vurğulayıb.

O, söyləyib ki, İslam respublikasının yeni hökuməti mayın 19-da təyyarə qəzasında həlak olan prezident İbrahim Rəisinin dövründə əldə olunmuş İran-Rusiya razılaşmalarını həyata keçirmək üçün bütün səylərini göstərəcək.

Qeyd edək ki, BRICS təşkilatı 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb və 2011-ci ildə Cənubi Afrika da təşkilata qoşulub.

Bu ilin yanvar ayından isə Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Efiopiya qrupun tamhüquqlu üzvləri olublar.

Bu il assosiasiyaya Rusiya sədrlik edir.

 

 

Ceyhun

Gununsesi.info