İran “səhvən” vurulan “Boenq” sərnişinlərinin ailələrinə 107 milyon dollar ödəyəcək

  • By admin
  • 04 Yanvar 2022 19:29
Kanada məhkəməsi İranın hava hücumundan müdafiə qoşunlarının vurduğu mülki təyyarədəki sərnişinlərin ailələrinə 107 milyon dollar təzminat ödənilməsi barədə qərar qəbul edib. 

 

Kanadanın Ontario əyalətinin məhkəməsi 2020-ci ildə Tehranda hava hücumundan müdafiə qoşunları tərəfindən vurulan Ukrayna Beynəlxalq Hava Yollarına aid təyyarənin 6 sərnişininin ailələrinin xeyrinə İrandan təzminat alınması barədə qərar çıxarıb.
Gununsesi.info xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.
107 milyon dollar məbləği iddiaçılar arasında bölünəcək. Eyni zamanda, məhkəmənin qərarı avtomatik ödəniş demək deyil, indi vəkillər İranın Kanada və xaricdəki aktivlərinə həbs qoyulması ilə bağlı işə başlayacaqlar. Digər şeylərlə yanaşı, söhbət neft tankerlərindən də gedir.
May ayında Ontario Ali Məhkəməsinin hakimi Edvard Belobaba belə qənaətə gəlib ki, İran sərnişin təyyarəsini vurmaqla qəsdən terror aktı törədib. Sənəddə qeyd olunur ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) uçuşun mülki statusundan xəbərdar olub və “Atəş mülki təyyarəni açıq-aşkar məhv etmək məqsədi ilə açılıb”.
Ukrayna Beynəlxalq Hava Yollarına məxsus Boeing 737-800 təyyarəsi 2020-ci il yanvarın 8-də Tehran hava limanından qalxdıqdan sonra qəzaya uğrayıb. İran, Ukrayna, Kanada, Böyük Britaniya, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları olan 176 nəfərin hamısı həlak olub. İİran fəlakətdə günahın hava hücumundan müdafiə sisteminin operatorunda olduğunu iddia edir. Təyyarənin düşmən hədəfi olduğu müəyyən edilib, bundan sonra ona iki raket atılıb.
Gununsesi.info