İran və Pakistan XİN rəhbərlərinin telefon danışığı olub

  • By ilhame
  • 19 Yanvar 2024 19:29

İranın xarici işlər naziri Hüseyin Əmir-Abdullahian ilə pakistanlı həmkarı Cəlil Abbas Cilani Arasında telefon danışığı olub.

 

Gununsesi.info xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Bildirilib ki, söhbət zamanı Əmir-Abdullahian Pakistanın suverenliyi və ərazi bütövlüyünün İran üçün vacibliyini, həmçinin Pakistan ərazisində terror düşərgələrinin zərərsizləşdirilməsi üçün iki ölkənin əməkdaşlığının zəruriliyini vurğulayıb.

 

İran xarici işlər nazirinin sözlərinə görə, Pakistan ərazisinə raket zərbələrinin endirilməsi İrana qarşı terror təhlükəsini neytrallaşdırmaq məqsədi daşıyıb. O, 50-dən çox terrorçunun İrana qarşı terror aktı törətməyə hazırlaşdığını və “vaxtında görülən tədbirlər” sayəsində bunun baş tutmadığını bildirib.

 

Məlumata görə, Pakistanın XİN başçısı da öz növbəsində terrorçuluqla mübarizədə ümumi yanaşmanın iki ölkə arasındakı əməkdaşlığın əsasını təşkil etdiyini deyib. O, Pakistanın həmişə İranla qardaşlıq və konstruktiv əlaqələrə önəm verdiyini vurğulayıb.

 

“Biz uzunmüddətli qonşularıq və müsəlmanıq. Terror bizim ümumi düşmənimizdir. Biz terrorçuların və Tehran-İslamabad münasibətlərinin düşmənlərinin bundan sui-istifadə etməsinə imkan verməməliyik”, – Pakistan XİN başçısı deyib.

 

Məlumatda qeyd olunub ki, Cəlil Abbas Cilani Əmir-Abdullahianı İslamabada səfərə dəvət edib.

 

Pakistan XİN-in məlumatında isə bildirilib ki, Cilani Paakistanın İranla bütün məsələlərdə qarşılıqlı inam və əməkdaşlıq ruhunda işləməyə hazır olduğunu ifadə edib.

 

“O, təhlükəsizlik məsələlərində daha yaxın əməkdaşlığa ehtiyacı vurğulayıb”, – məlumatda vurğulanıb.

 

Gununsesi.info