Avqustun 8-də ABŞ-da keçirilən görüşdən sonra İran Azərbaycana qarşı bir sıra bəyanatlar səsləndirib və Vaşinqton razılaşmasından sonra ona qarşı çıxıb.
İranın ali dini liderinin müşaviri Əli Əkbər Vilayəti razılaşmanı qəbul edən tərəfləri hədələyib. Vilayəti bildirib ki, guya İran Vaşinqton razılaşmasının Zəngəzur dəhlizi ilə bağlı bəndinin yerinə yetirilməsinə imkan verməyəcək.
Görəsən İran Zəngəzur dəhlizinin açılmasına necə mane ola bilər?
Mövzu ilə bağlı Gununsesi.info-ya danışan hərbi ekspert Ədalət Verdiyev vurğulayıb ki, İranın səsləndirdiyi bəyanatlar, xüsusilə Zəngəzur dəhlizinin açılmasına mane olmaqla bağlı söylədikləri fikirlər tamamilə blefdir:

“Uzun illərdir ki, İran Zəngəzur dəhlizinin açılmasına mane olurdu. Nəticədə Azərbaycan Zəngəzur dəhlizinin açılması üçün Ermənistanla razılıq əldə etdi və bu dəhlizin açılmasına dair təhlükəsizliyi ABŞ öz üzərinə götürdü.
İran bugün öz şəxsi siyasi və hərbi rəhbərlərinin təhlükəsizliyini təmin etmək imkanlarından məhrumdur. 12 günlük müharibədə İran generalları ailələrinin yanında yatarkən məhv edildilər.
İran, ABŞ prezidentinin adını daşıyan bir layihəyə mane olmaq imkanlarından məhrumdur. Bu, həmin ABŞ-dır ki, cəmi iki ay əvvəl Tehran səmasında qələbə təyyarələri ilə dövrə vurmuşdu. Bu, həm də həmin ABŞ-dır ki, Ermənistanın üç əsas nüvə və tədqiqat mərkəzini cəmi bir zərbə ilə sıradan çıxartdı”.
Ədalət Verdiyevin fikrincə, İran düşünə bilər ki, Ermənistanı dəstəkləmək məqsədilə Zəngəzur dəhlizinin açılmasına mane olur:
“Əslində, bu belə deyil. Burada İranın öz geosiyasi maraqları var. İran tarixi İpək Yolundan məhrum olur. İran sərhədlərinə ABŞ-ın özəl hərbi kompaniyası gəlib yerləşir. İran logistik imkanlardan məhrum olur və yalnız daşımalarda köməkçi, ikinci dərəcəli bir ölkə ola bilər. İran Orta Asiyada da təsir imkanlarını itirir. Digər tərəfdən, Azərbaycan, ABŞ və Türkiyə tərəfindən etibarlı bir logistik dəhliz açıldığı halda, heç kim gedib güvənsiz, sanksiya altında inildəyən, yüklərin sığortalanmasının həyata keçirilmədiyi İran ərazisindən istifadə etməyəcək.
Zəngəzur dəhlizinin “Tramp yolu” adı ilə ABŞ-a icarəyə verilməsinə imza atan Ermənistandır. Ancaq İran rejimi, nədənsə, Azərbaycana qarşı bəyanatlar səsləndirir. Eyni zamanda Ermənistanı da sıxışdırmağa çalışır. Otuz il ərzində İranın dəstəklədiyi Ermənistan bu gün artıq onun üçün ehtimal olunan rəqibə çevrilib. İran yaxşı dərk edir ki, Zəngəzur dəhlizinin açılması onu bütün proseslərdən, daşınmalardan kənarda qoyacaq. Buna görə də proseslərə maksimum maneə yaratmağa çalışır”.
Ekspertin sözlərinə görə, İran bu gün öz hərbi-siyasi potensialı ilə ABŞ-a, Türkiyəyə və ya Azərbaycana qarşı real fəaliyyət göstərmək imkanlarına malik deyil:
“İran beş il ərzində Zəngəzur dəhlizinin açılmasına mane olmaqla, nəticədə, öz sərhədlərində NATO-nun aparıcı ölkəsi olan və İranın bir nömrəli düşməni sayılan ABŞ-ın özəl hərbi kompaniyalarını görəcək. Başqa sözlə, İran bu gün əlindən gələni etdi ki, birbaşa sərhədlərində NATO-nu, ABŞ-ı, yəni öz bir nömrəli düşmənlərini görsün. Bu isə İranın apardığı molla rejiminin uğursuz siyasətinin birbaşa nəticəsidir”.
Şəbnəm Rəhimova












