İran aylarla davam edən etirazlara səbəb olan Məhsa Əmininin ölümündən 1 il sonra daha bir gənc qızın ölümü ilə sarsılıb.
Gununsesi.info xəbər verir ki, baş örtüyü taxmadığı üçün əxlaq polisi tərəfindən metrodan sıxışdırıldığı iddia edilən 16 yaşlı Armita Qeravəndin öldüyü açıqlanıb.
Oktyabrın 1-də Tehranda əxlaq polisi tərəfindən döyüldüyü iddia edilən 16 yaşlı Armita Qeravənd Şühəda meydanı dayanacağında metroya mindikdən sonra halı pisləşib və xəstəxanaya aparılıb. Xəstəxanada gənc qızın vəziyyəti kritikləşib. Armitanın keçən həftə beyin ölümü olduğu açıqlanıb.
İran mətbuatının yaydığı hadisənin təhlükəsizlik kamera görüntülərində gənc qızın bir qrup tərəfindən qatardan düşürüldüyü və hərəkətsiz, huşsuz vəziyyətdə dayandığı görülüb.
Müxalifət mənbələri gənc qızın məcburi baş örtüyü qaydalarına əməl etmədiyi üçün fiziki hücuma məruz qaldığını və huşunu itirdiyini iddia etsə də, İran rəsmiləri bu iddiaları təkzib edib.
İranın rəsmi xəbər agentliyi İrna Armitanın günlərlə müalicə aldığı xəstəxanada dünyasını dəyişdiyini açıqlayıb. Gənc qızın beyni zədələndiyi üçün komaya girərək, dünyasını dəyişdiyi qeyd edilib.
Hadisə İranda həftələrlə davam edən, yüzlərlə insanın həyatını itirdiyi, minlərlə insanın saxlandığı etirazlara səbəb olan Məhsa Əmininin ölümünə bənzədilir.
22 yaşlı Əmini ötən ilin sentyabrında Tehranda əxlaq polisi tərəfindən “baş örtüyü düzgün taxmadığına” görə saxlanılıb və 3 gün sonra həbsdə dünyasını dəyişib.
Gununsesi.info