
İranda humanitar yardım işçisini, əmək hüquqları fəalını, siyasi aktivisti birləşdirən nədir?
Onların dördü də qadındır, son aylar İranda dövlətə qarşı silahlı qiyamda ittiham olunurlar ki, bunun da cəzası ölümdür.
Sosial işçi Paxşan Əzizi və əmək hüquqları fəalı Şərifə Məhəmmədi artıq ölümə məhkum ediliblər. Siyasi fəal Varişe Moradi və etirazçı Nəsim Qulami Simiari isə hökmü gözləyirlər.
Simiaridən savayı, digər qadınlar İrandan kənarda fəaliyyət göstərən kürd müxalifət qruplarının üzvləri olmaqda ittiham olunurlar. Əzizi və Moradi İranın daim əzilən kürd azlığının üzvləridirlər.
Gununsesi.info xəbər verir ki, 2022-ci ilin görünməmiş etirazlarından bəri ölümə məhkum edilərək edam olunan qadınların sayı artıb. Həmin il kürd əsilli Məhsa Əmininin polis nəzarətində ölməsi ölkədə kütləvi etirazlara səbəb olub.
Əmək hüquqları fəalı Məhəmmədi iyulda ölümə məhkum edilib. O, müstəqil həmkarlar ittifaqının və qonşu İraqın yarımuxtar kürd vilayətində yerləşən, qadağan olunmuş kürd separatçı təşkilatına üzvlükdə ittiham edilib.
Ailəsi onun istər ölkə daxilində, istərsə də xaricində hər hansı siyasi təşkilatla əlaqəsi olmadığını bildirir.
Məhəmmədinin yaxın qohumu Vida Məhəmmədi AzadlıqRadiosunun fars xidmətinə deyib ki, o, dekabrda həbs olunandan sonra işgəncə görüb, bir neçə ay təkadamlıq kamerada saxlanılıb.
Kürd siyasi fəal Moradi 2023-cü ilin avqustunda həbs olunub. O, Kürdüstan Azad Həyat Partiyasının (PJAK) üzvü olmaqda ittiham edilib. Bu partiya bir sıra ölkələrin terrorçu saydığı Kürdüstan İşçi Partiyasının (PKK) İran qanadıdır.
2023-cü ilin avqustunda saxlanılan Əzizi də PJAK üzvlüyündə ittiham olunsa da, ittihamı rədd edir. O, iyulda ölümə məhkum edilib. Əzizi İraq Kürdüstanında, eləcə də Suriyanın şimal-şərqində kürd azlığının yaşadığı ərazilərdə vətəndaş müharibəsi və “İslam Dövləti” ekstremist qrupuna qarşı müharibənin köçkünə çevirdiyi adamlara kömək edirmiş.
Hökm çıxarılmazdan öncə həbsxanadan məktubunda Əzizi yazıb ki, Suriyada qaçqın düşərgələrində işləmək “illərlə zülm görmüş cəmiyyətə ən böyük mənəvi töhfələrdən biri sayıla bilərdi”. O, müxalifət qruplarına üzvlüyünü inkar edir.
Gununsesi.info