İranda etirazlara görə həbs edilən şəxslərdən biri EDAM EDİLDİ

  • By admin
  • 08 Dekabr 2022 20:19

İran bu gün etiraz aksiyalarında həbs edilən şəxslərdən birini edam edib.

Gununsesi.info yerli KİV-lərə istinadən xəbər verir ki, edam edilən Möhsün Şəkəri adlı şəxs Tehranda təhlükəsizlik işçisini bıçaqla yaralamaqda və küçəni bağlamaqda ittiham edilirdi.

Hüquq müdafiəçiləri Şəkərinin işgəncələrə məruz qaldığını və cinayəti etiraf etməyə məcbur edildiyini bildirib. Şəkəri İranda etiraz aksiyalarına görə edam edilən ilk şəxsdir. Beynəlxalq Amnistiya Təşkilatı bildirib ki, İran hakimiyyəti etiraz aksiyalarında saxlanılan 21 nəfəri ölüm cəzasına məhkum edib.

Britaniyanın xarici işlər naziri Ceyms Kleverli edam xəbərindən qəzəbləndiyini bildirib. “Dünya İran rejiminin öz xalqına qarşı törətdiyi iyrənc zorakılığa göz yuma bilməz”, – o, “Twitter” hesabında qeyd edib.

Almaniyanın xarici işlər naziri Annalena Baerbok isə bildirib ki, İran rejiminin insanlığa hörmətsizliyi sərhəd tanımır: “Lakin edam təhlükəsi insanların azadlıq iradəsini boğmayacaq”.

Son iğtişaşlardan əvvəl də İranda edamlar sürətlə artıb. Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarı Volker Türk bildirib ki, sentyabr ayına qədər İranda edam edilənlərin sayı sentyabr ayına qədər 400-ü keçib.

Gununsesi.info