İranda narkoloji mərkəzdə yanğın: 32 nəfər ölüb – Direktor saxlanıldı

  • By admin
  • 03 Noyabr 2023 14:59

İranın şimalındakı Gilan əyalətində narkoloji mərkəzdə baş verən yanğında 32 nəfər həlak olub.

Gununsesi.info xəbər verir ki, İranın İRNA xəbər agentliyinin məlumatına görə, Ləngərud şəhərində özəl sektor tərəfindən idarə olunduğu deyilən narkoloji mərkəzdə səhər saatlarında yanğın baş verib.

Yanğın zamanı həmçinin 16 nəfər xəsarət alıb, onlardan dördünün vəziyyəti ağırdır.

Bundan əvvəl Gilan əyalətinin qubernatorunun administrasiyası məlumat verib ki, reabilitasiya mərkəzində yanğına səbəb qızdırıcı olub, yanğın ondan pərdələrə keçib.

“Xəstələrin sayı tibb müəssisəsinin imkanlarını aşıb, bu da yanğında çoxlu sayda ölənlərin olmasına səbəb olub”, bölgə səlahiyyətliləri qeyd edib.

Bu arada Gilan əyalətinin prokuroru Sadiq Niyarəki hadisədə təqsirli bilinən reabilitasiya mərkəzinin direktorunun saxlanıldığını açıqlayıb.

Gununsesi.info