İranda ölənlərin sayı 41-ə çatdı

Məhsa Əmininin ölümündən sonra İranda baş verən etirazlar və iğtişaşlar zamanı ölənlərin sayı 41 nəfərə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə İranın “Didar” Xəbər agentliyi İran dövlət televiziyasına istinadla xəbər yayıb.

HTML tutorial

Son bir neçə gündə İranın bir sıra böyük şəhərlərində Məhsa Əmininin ölümündən sonra küçələrdə davamlı olaraq iğtişaşlar və etiraz aksiyaları keçirilir. Onların gedişində “Bəsic” silahlılarının iki üzvü artıq öldürülüb. İran mediasının məlumatına görə, daha iki vətəndaş odlu və soyuq silahlarla öldürülüb, 25-ə yaxın adam yaralanıb. Sosial şəbəkələrdə polisin etirazçılar tərəfindən vəhşicəsinə döyülməsi videoları yayılır. Bundan əlavə, etirazçılar şəhərlərin küçələrində quldurluq və soyğunçuluqlar təşkil edərək, ictimai və dövlət infrastrukturuna ziyan vururlar. Son iki gündə 60-dan çox təcili yardım maşını qəzaya uğrayıb.

Sentyabrın 13-də Əmini Tehranda əxlaq polisi tərəfindən saxlanılaraq izahat söhbəti üçün polis idarəsinə və hərbi kəşfiyyata məxsus “Fərəc” mərkəzlərindən birinə göndərilib. Bu mərkəzdə qıza qarşı zorakılıq edilib, nəticədə onun halı pisləşib. Bundan sonra dərhal xəstəxanaya aparılıb. Üç gün sonra, sentyabrın 16-da o vəfat edib.

Sakinlər Məhsanın ölümündə əxlaq polislərini günahlandırırlar. Ölkənin müxtəlif şəhərlərində insanlar etiraz etmək üçün küçələrə toplaşmağa başlayıblar. Sosial şəbəkələrdə qızların saçlarını kəsdirərək hicablarını yandırdıqları videolar yayımlanır.

İran Prezidenti İbrahim Rəisi bir müddət əvvəl Daxili İşlər Nazirliyinin rəhbərinə Məhsa Əmininin ölümünün səbəblərini və təfərrüatlarını təcili və xüsusi dəqiqliklə araşdırmağı tapşırmışdı. Rəisi mərhum qızın ailəsinə başsağlığı verib. Bazar ertəsi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kürdüstandakı komandiri Məhsanın ailəsinə baş çəkib, onlar da başsağlığı verib və onu əmin ediblər ki, Məhsənin işi üzrə dəqiq və qərəzsiz məhkəmə aparılacaq.
Gununsesi.info