İranda xalq etirazları genişlənir - Gənc qızın ölümü şəhərləri ayağa qaldırıb

  • By admin
  • 20 Sentyabr 2022 12:15

Xəbər verdiyimiz kimi, İranda 22 yaşlı Məhsa Əmininin ölümü ölkədə kütləvi etirazlara səbəb olub.

Gununsesi.info “Euronews”a istinadla xəbər verir ki, bu ölkənin iri şəhərlərində keçirilən çoxsaylı etiraz aksiyaları davam edir. Nümayişlərdə iştirak edən insanlar hökumət qüvvələri ilə toqquşmalardan çəkinmirlər. Meydanlara toplanan vətəndaşlar gənc qızın ölümünə və qadınların baş örtüyü geyinməsinə qarşı müxtəlif şüarlar səsləndiriblər. Etirazçılar bir sıra avtomobilləri yandırıb, əmlak obyektlərinə ziyan vurubular.

France 24 telekanalı ölənlərin sayının 4 olduğunu açıqlayır. Ancaq toqquşmaların yaşandığı geniş etirazlar zamanı ölənlərin sayının artacağı gözlənilir. Ölkənin 4 tərəfində nümayişlər şiddətlənir. Genişlənən etiraz dalğası zamanı İranın Kamyaran şəhərində Əmininin öldürülməsinə qarşı baş verən toqquşmalarda nümayişçilərlə hökumət qüvvələri arasında şiddətli qarşıdurma baş verib. Rəşt şəhərində insanlar müxtəlif şüarlar səsləndiriblər. Tehranda isə etiraz aksiyaları daha dağıdıcı keçir. Qarşıdurma yanğınlarla müşahidə edilir.

Gən qızın ölümündən sonra Amerika və digər ölkələr İrana qarşı sərt ittihamlar səsləndiriblər. Rəsmi Vaşinqtonun İran üzrə xüsusi təmsilçisi Robert Malley hadisəni “qorxunc” olaraq dəyərləndirmişdi. O, bu hadisəni şərh edərkən deyib: “Məhsa Əminin “uyğunsuz” şəkildə baş örtüyü səbəbi ilə nəzarət altında alınarkən aldığı yaralardan sonra ölümü dəhşət vericidir”.
İranın Xarici İşlər Nazirliyi Məhsa Əminin ölümü ilə bağlı Amerikanın açıqladığı şərhi rədd edib.

Məlumat üçün bildirək ki, “Geyim problemi” səbəbi ilə “Əxlaq polisi” tərəfindən nəzarət altına alınan Məhsa Əminin polis bölməsində saxlanıldıqdan sonra xəstəxanaya yerləşdirilmişdi. Qızın polis bölməsində bərk döyülməsi və böyrək çatışmazlığından ölməsi barədə İran hüquq müdafiəçilərinin açıqlamalarını Tehran hökuməti rədd edir.

Rəsmilər Əminin qəfil öldüyünü söyləyirlər. Polis verdiyi açıqlamasında qadının işgəncə və ya zorakılıqla ölməsini inkar edir. Xatırladaq ki, İran qadınları 1979-cu il İran İslam İnqilabından bu yana “Əxlaq polisinin” qatı geyim qaydaları ilə baş örtüyü geyinməyi məcburi edib. Bundan sonra zaman-zaman bu qərarla bağlı ölkənin ayrı-ayrı bölgələrində qadın hərəkatları yaşanıb, etirazlar keçirilib.

Gununsesi.info