
Son bir həftədə İranda baş verən sosial-siyasi qarşıdurmalar Azərbaycana hansı təsirləri göstərə bilər? Analitiklər bu sualı cavablandırarkən bir sıra amilləri önə çəkirlər.
Birincisi, Naxçıvan amili göstərilir. Naxçıvan Muxtar Respublikası blakada şəraitində olduğuna görə, hava və avtomobil yolu kimi tək marşrut İrandan keçir. Yollar bağlanarsa, vətəndaşlarımızın aqibəti sual altına düşə bilər.
İkincisi, bu ölkə ilə ticarət əlaqələrimiz mövcuddur. Dövlət Statistika Komitəsinin 9 aylıq bülleteninə görə, bu iki dövlət arasında ticarət dövriyyəsinin həcmi 182.7 milyon manat təşkil edir. Bunun 170.4 milyonunu idxal, 12.3 milyonunu ixrac tutur. İranla ticarətdə əsasən, kənd təsərrüfatı məhsulları, ədviyyat, meyvə quruları, elektrik enerjisi və sair məhsulların idxal və ixracı təşkil edir.
Üçüncü, cənub qonşumuzla geniş turizm əlaqələrimiz var. Bura turizmin həm istirahət, həm biznes, həm də müalicəvi növlərləri daxildir. Bəllidir ki, hər il minlərlə soydaşımız müalicə məqsədilə İrana üz tutmalı olur. Əsas səbəb kimi isə orada qiymətlərin ucuz olması göstərilir.
Eyni zamanda, İran neft ölkəsidir və dünya neft ixracında artıq bəlli bir yerə malikdir. İğtişaşlar neft bazarına hansı təsirləri göstərə bilər?
İqtisadçı-ekspert Akif Nəsirli Gununsesi.info-ya şərhində bildirdi ki, istənilən iğtişaş ölkə iqtisadiyyatının özünə təsir göstərir: “Kommunikasiyada problemlər yaranır, ölkəyə giriş-çıxış məhdudlaşır. Hökumət bu addımları ona görə atır ki, daxili problemini aradan qaldırsın. Bu baxımdan İranda baş verənlərin Azərbaycana iqtisadi təsirləri olacaq. Belə ki, İrandan gələn malların gömrükdə ləngiməsi mümkündür”.
Ekspert deyir ki, İranın daxilində problemlər ciddi şəkil alarsa və proses uzanarsa, iki ölkə arasındakə ilişkilər çətinləşəcək. Onun sözlərinə görə, Azərbaycanın cənub bölgələrinin böyük hissəsi İranın hesabına dolanır, oradan bazarlıq edir: “İndiyədək ərzaq və məişət məhsulları burada Azərbaycandan xeyli ucuz idi”.
A.Nəsirili proseslərin hələ ki, neft bazarına ciddi təsir göstərməyəcəyini düşünür: “İran dünyanın neft bazarında böyük təsirə malik ölkə deyil. Başqa tərəfdən, ölkə daxilindəki qarşıdurmalar neft hasilatına və ixracına o qədər də təsir göstərməyəcək. Təbii ki, iğtişaşlar dərinləşərsə, hökumət dəyişikliyi baş verərsə, bu zaman nəinki neft, bütün ixrac-idxal əməliyyatlarında problemlər yaşana bilər. Amma bunun dünya neft birjasına təsir göstərə biləcəyinə inanmıram”.
Vüsalə
Gununsesi.info