İrandakı proseslər rejimin çöküşü ilə yekunlaşacaq - AVROPADA YAŞAYAN ARAZ ELSƏS "GÜNÜNSƏSİ"NƏ DANIŞIR

İranda baş qaldıran xalq etirazları getdikcə alovlanmaqdadır. İran rejiminin ötən aylar ərzində çoxsaylı insanı zorakılıqla öldürməsinə baxmayaraq, hər gün etirazlar artır.
Avropada siyasi mühacir kimi  yaşayan soydaşımız, tanınmış sənətkar Araz Elsəs Gununsesi.info-ya İranda baş verənlərdən danışıb. 
– Araz bəy, İranda ciddi proseslər gedir. Sizcə, bu etirazlar nə zamana kimi davam edəcək və nə ilə sona çatacaq? 
–  Mən düşünürəm ki, İrandakı proseslər, etirazlar səngimədən davam edəcəkdir. Yaxın tarixə baxsaq, görərik ki,  İranda bu qədər ciddi, ardıcıl proteslər olmamışdır. Bu etirazlar üç aya yaxındır ki,  davam edir. İran rejimi qarşısını almağa çalışsa da proseslər davam edəcəkdir.  Düşünürəm ki, bu olayların  sonu da İslam Cumhuriyyətinin çöküşü ilə nəticələnəcəkdir.
– Molla rejiminin çöküşü baş verməsə  belə hansısa islahatlara gedilə bilərmi? 
– İnsanları etirazlardan çəkindirmək üçün belə mesajlar ortaya atılıb. Hakimiyyətin içindən daha yumşaq bir yönətimin ortaya çıxacağını düşünürlər. Ola bilsin hakimiyyət biraz ağıllı davransın, özlərini qorumaq üçün üzlərinə yeni-yeni maskalar vursunlar, bir sıra azadlıqlar verməklə özlərini qurtarsınlar.
Ancaq insanlar bu hakimiyyətdən o qədər yorulmuşlar və cana doymuşlar ki, bununla barışacaqlarına heç inanmıram. İrandakı insanlar  bu hakimiyyətdən beziblər. Ümumiyyətlə, sistemdən beziblər. Artıq hər kəs İran-İslam Cumhuriyyətinin  çökəcəyi günü gözləyir.
Bu böyük çöküş baş verdiyində ən önəmlisi biz Azərbaycan türkləri üçün bu əlimizə düşən fürsəti dəyərləndirib, milli iradəmizi ortaya qoyub, milli dövlətimizi qurmalıyıq.
Öz bayrağımızı yüksəltmək və  Quzeyimizlə bütövləşib bütöv bir Azərbaycanı yaratmalıyıq.
– Bəs, rejimin ölümlərlə nəticələnə zorakılıqları davam edərsə, prosesin sonu dayana bilərmi?
– Ancaq mən belə düşünürəm ki, bunlar nəticə verməyəcək. İnsanlar artıq cana doymuş, bıçaq sümüyə dayanmışdır.
İnsanlari belə hədə-qorxularla,  öldürməklə, zindana atmaqla, dustaq etməklə qorxutmaq imkansızdır.
Artıq insanlar qərarını vermişdir. Bu rejim çökməlidir, bu rejmin çökmədiyi yerlərdə bu hadisələr davam edəcəkdir .
 Orda o rejim qəddar rejimdir. Bu işlərlə qan tökməklə, insanlara güllə sıxmaqla onlari qorxutmağa çalışırlar. İndiyədək, çoxsaylı adam öldürülüb. Amma gördüyünüz kimi insanlar daha da irəliyə gedir.
– İrandakı etirazlara ABŞ-ın, Avropanın dəstəyi yetərlidirmi? 
– Bu proseslərə Avropadan, Amerikadan dəstəklər var, ancaq  yetərli deyil. Görünür, bu məsələdə Ukrayna məsələsi də var. Hazırda bütün dünya Ukraynaya dəstək verir ki, məğlub olmasın.
Amma paralel olaraq, İranı da unutmamaq lazımdır.
Bildiyimiz kimi qışdır, havalar soyuqdur, bu qışın sonuna doğru yazda daha da ciddi proseslər olmalıdır. İranda bütün millətlər istəyir ki, ən qısa zamanda bu ağrılar, acılar sona yetsin, o bölgədəki insanlar aydınlığa çatsınlar. Bunun üçün mübarizə qələbəyədək davam edəcəkdir.
Pərviz Həşimli
Gununsesi.info