Xəbər verdiyimiz kimi, dünən Ermənistan Baş naziri Nikol Paşinyan bir neçə ölkənin lideri ilə yanaşı İran Prezidenti İbrahim Rəisi ilə də telefon danışığı aparıb.
Gununsesi.info bildirir ki, İranın vitse-prezidenti Məhəmməd Cəmşidi telefon danışığının bəzi detallarını açıqlayıb.
O qeyd edib ki, Cənubi Qafqazda “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya və İran) formatından kənar ünsiyyət qurmaq vəziyyəti daha da çətinləşdirir.
İran rəsminin sözlərinə görə, əcnəbilərlə əməkdaşlıq etmək, onlarla hərbi təlimlər keçirmək və şübhəli səfərlər etmək vəziyyəti gərginləşdirir.
Qeyd edək ki, Ermənistan ABŞ ilə birlikdə “EAGLE PARTNER-2023” birgə hərbi təlimləri keçirəcək.
“Reuters” agentliyinin məlumatına görə, 11-20 sentyabrda keçiriləcək təlimdə ABŞ tərəfdən 85, Ermənistan tərəfdən 175 hərbçi iştirak edəcək. Məlumata görə, təlimdə iştiak edəcək amerikalı hərbçilər Kanzas Milli Qvardiyasının üzvləri olacaq və ağır silahlardan istifadə etməyəcək. Ermənistan tərəfi təlimlərin məqsədinin hərbçilərin beynəlxalq sülhməramlı missiyalarda iştirak etməyə hazırlamaq olduğunu bildirib.
Təlimlər Rusiyanın da narazılığına səbəb olub.
Gununsesi.info