İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani paytaxt Tehranda keçirdiyi mətbuat konfransında gündəmi dəyərləndirib.
Gununsesi.info xəbər verir ki, Kənani Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvandan qayıdarkən Zəngəzur dəhlizi ilə bağlı jurnalistlərə verdiyi açıqlamasını xatırladıb. “Biz nəqliyyat marşrutlarının hamıya fayda verəcək, firavanlıq gətirəcək şəkildə inkişafı ilə razıyıq, eyni zamanda geosiyasi dəyişikliklərin əleyhinə olduğumuzu da vurğulayırıq”, – deyə XİN rəsmisi bildirib.
Sərhədlərin dəyişdirilməsini qəbul etmədiklərini bildirən Kənani belə davam edib:
“Biz Azərbaycan və Ermənistanın ərazi bütövlüyünü dəstəkləyirik. Qarabağın Azərbaycana qaytarılması ilə bağlı mövqeyimiz aydındır və biz bunu həmişə dəstəkləmişik.
Lakin biz mübahisələrin sərhədlərin dəyişdirilməsi ilə həllinin əleyhinəyik. “3+3 formatı çərçivəsində ölkələrlə regional dialoqları və məsləhətləşmələri dəstəkləyirik”.
Səid Əhmədli
Gununsesi.info