İran həm ölkə daxilində su qıtlığı və gündəlik həyatın çətinlikləri ilə üzləşir, həm də İsraillə mümkün qarşıdurma riski var.
Son 6 ildə davam edən quraqlıq və su ehtiyatlarının tükənməsi cəmiyyəti çətin vəziyyətə salıb. Bir çox şəhərlərdə su yalnız bir neçə saatlıq verilir, bəzi bölgələrdə isə insanlar içməli suyu yük maşınlarından alır.
İranın Ali dini lideri Seyid Əli Xamenei ötən gün çıxışında bildirib ki, vətəndaşlar elektrik enerjisi və suya qənaət etməli, xərcləri azaltmalıdırlar.
Prezident Məsud Pezeşkian qeyd edib ki, ölkədə fəaliyyət göstərən 80 min məscidin hər biri ətrafındakı imkansız insanlara dəstək göstərərsə, mövcud sosial problemlərin həllinə ciddi töhfə verilə bilər.
Gununsesi.info-ya açıqlamasında“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli mövzunu belə şərh edib:

“İranda su çatışmazlığı kritik həddə çatıb. Bu yay paytaxt Tehran da daxil olmaq bir sıra iri şəhərlərdə ciddi su çatışmazlığı yaşandı. İran rəsmi qurumlarının məlumatına görə, ölkənin 50 şəhərində və 24 əyalətində kəskin su qıtılığı yaşanır. Su çatışmazlığı ölkə ərazinin ¾-ü əhatə edir. Bir müddət öncə paytaxt Tehran və Əlborz əyalətlərində su qıtlığı ilə bağlı “qırımız vəziyyət” elan edilmişdi. Qeyd edək ki, 80 milyonluq İran əhalisiin 20 milyonu sözügedən bölgələrdə yaşayır. Su qıtlığı və həddindən artıq yüklənmə paytaxtın dəyişdirilməsi ideyasını da gündəliyə gətirib. Lakin hökumət hələ bununla bağlı qərar verə bilmir. Paytaxtın Tehrandan köçürülməsi həm də təhlükəsizlik amili ilə bağlıdır. İran başbilənləri hesab edir ki, İsraillə 12 günlük müharibə gösrtərdi ki, hökumət nümayəndələri, generallar Tehranda əmniyyədə deyillər. Hesab edilir ki, İsrail kəşfiyyatı çoxmilyonluq Tehranda kök atıb, özünü yuva qurub, onu təmizləmək üçün “beyin mərkəzləri”ni Tehrandan köçürmək lazımdır”.
Elman Cəfərli İranda su çatışmazlığının əsas səbəblərini açıqlayıb:
“Biri qlobal iqlim dəyişmələridir. Sirr deyil ki, İranda daxil olmaqla Orta Şərq regionu sus çatışmazlığından əziyyət çəkir. Yağıntının miqdarı azalıb, su mənbələri quruyub. Urmu daxil olmaqla irili-xırdalı bir neçə göl artıq xəritədən silinib. İkinci səbəb antorpogen amillərdir. İranda bərbad su idarəetməsi hökm sürür. Bölgələr üzrə su ədalətli bölünmür. Bundan başqa İrana daxil olan transərhəd çaylarından su götürmələr artıb. İran özü çaylar üzərində çoxlu su anbarları tikib. Üstəlik İran əhalisi son 20 ildə xeyli artıb, kənd təsərrüfatı sahələri genişlənib. Hökumət düşünülmüş, məqsədyönlü siyasət həyata keçirməsə yaxın 10 ildə İran su münaqişələrinə cəlb olunacaq.
Ölkəni yeni bir humanitar fəlakət gözləyir. İran daha çox aqrar ölkədir. Əkin sahələrini, örüş yerlərini suvara, heyvanlarını bəsləyə, onları su, yemlə təchiz edə bilməyən iranlıların ölkədən kütləvi axını baş verə bilər. İsfahan bölgəsinin çox yaxın zamanlarda tamamilə boşalacağı söylənilir”.
Elman Cəfərlinin fikrincə, İran hökuməti ölkə əhalisini aclıq təhlükəsindən qurtarmaq üçün ağıllı su idarəetməsi tətbiq etməli, qlobal istiləşmə şəraitində daha məhsuldar, susuzluğa davamlı bitki sortlarının əkini həyata keçirilməli, kəndliyə, fermerə dəstək proqramları tətbiq edilməlidir:
“Neft və qazdan gələn milyonların Yaxın Şərqdə terror təşkilatlarının saxlanılmasına yönəldilməsi dayandırılmalıdır. Yaxın gələcəkdə su neftdən qiymətli olacaq. Müharibələr karbohidrogen ehtiyatları uğrunda deyil, su mənbələri, çay hövzələri uğrunda olacaq. İran da, qonşu ölkələr də mümkün qədər tezliklə qənaətcil su idarəetməsinə keçid etməlidir”.
Şəbnəm Rəhimova













