İranın ən böyük qorxusu - Güneyli soydaşlarımız birləşir

İranın Azərbaycana qarşı ikiüzlü siyasəti artıq ifşa olunub. Bundan əvvəl Azərbaycanı “dost”, “qardaş” adlandıran İran rəsmiləri indi də oxşar sözləri Ermənistan barəsində səsləndirirlər. 44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbəni həzm edə bilməyən Tehranın ən böyük qorxusu Azərbaycanın birliyi və güclənməsidir.

Qonşu dövlət qorxusunu açıq şəkildə bildirir. Ötən həftə İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlər, Qafanda tələm-tələsik Baş konsulluğun açılması göstərir ki, Azərbaycanın uğurları İranı ciddi narahat etməyə başlayıb. Eyni zamanda, İran rəhbərliyi daxildə olan üsyanlardan yayınmaq üçün qonşu ölkələrdə sabitliyi pozmağı hədəfə alır. Rəsmi Tehranın məqsədi Azərbaycanı hədəf almaqla regionda sülh və sabitliyi əngəlləmək, diqqətləri İranın daxili problemlərindən yayındırmaqdır.

HTML tutorial

Son günlər İranda təşkil olunan etiraz aksiyalarında cənublu soydaşlarımızın fəal iştirakı molla rejimini ciddi şəkildə qorxuya salıb. İranın Araz boyunca hərbi təlimlərə başlaması Güney Azərbaycanın müstəqil olmaq ehtimalına qarşı hədə kimi qiymətləndirilir. Tehran rejiminə qarşı mübarizə aparan, ədalətin bərpa olunmasına çalışan soydaşlarımız Azərbaycanın daim onların yanında olduğuna əmindirlər. İranın son vaxtlar Azərbaycana qarşı məkirli addımları güneyli soydaşlarımızı da qəzəbləndirib və onlar ölkəmizin müdafiəsinə qalxaraq öz etirazlarını bildiriblər.

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin beynəlxalq əlaqələr üzrə rəhbəri, Günaz Televiziyasının təsiçisi Əhməd Obalı Modern.az-a bildirib ki, son hadisələr güney azərbaycanlıları arasında oyanışa səbəb olub:

“İranın Arazyanı manevrləri Azərbaycana qarşı yeritdiyi 30 illik siyasətin davamıdır. Belə hadisələr ilk dəfədir ki, baş vermir. Azərbaycan dövləti yarandığı gündən İranın Azərbaycana qarşı düşmənçiliyi var. Şuşanın ermənilər tərəfindən işğalında İranın rolu olub, şəhərlərimizin dağıdılmasında İran birbaşa iştirak edib. Onlar erməniləri təşviq edirdilər ki, torpaqlarımızı dağıtsınlar.

Biz İranın erməniləri dəstəkləməsini İkinci Qarabağ müharibəsində aydın şəkildə görmüşük. Amma Güney azərbaycanlılarının etirazları nəticəsində bu dəstək bir az səngimişdi. Amma İran Ermənistana silah göndərməyə davam edirdi. İran indi də Azərbaycan və Ermənistan arasında dialoqa mane olmağa çalışır. İki ölkə arasında əlaqələrin normallaşmasını istəmir. Cənubda olan azərbaycanlılar İranın belə xoşagəlməz davranışlarına qarşı birləşməyə davam edir. Lazım olan vaxtda birliyimizi göstərməyə davam edirik. Biz etirazımızı bildirərkən aramızda tutulanlar da olub. Onlar hələ də həbsdədir. Biz Güney azərbaycanlılar olaraq Azərbaycan dövlətinin hər zaman yanındayıq və dəstək verməyə hazırıq”.

Əhməd Obalı İran dövlətinin Azərbaycana qarşı düşmənçiliyinin kökündə nələrin dayandığına toxunub və İran rejiminin əsl niyyətini ifşa edib:

“İranın Azərbaycana qarşı düşmənçiliyinin kökünə baxanda görürük ki, İranın Qafanda Baş konsulluğunu açması da bunun davamıdır. İran son yüz ildə fars dövləti yaradıb. Farsçılıq ideologiyasında birinci düşmən türkdür. Onlar üçün Türkiyə, Azərbaycan və ya digər Türk dövlətlərinin fərqi yoxdur. Fars rejimi Türk birliyinə qarşı yaranmış ideolojiyadır. Biz əlimizdən gələni etsək də, İran üçün faydası yoxdur. İranın Ermənistanın yanında olması, onu sevdiyindən deyil, Azərbaycana düşmən olmasına görədir. Qafanda konsulluğun açılmasına diqqət yetirmək lazımdır. Qafan çox kiçik bir ərazidir, 30 minə yaxın əhalisi var. Ora ciddi mədəniyyət mərkəzi də deyil, bildiyim qədəri ilə orada bir nəfər iranlı da yaşamır. Baş konsulluğun açılmasının səbəbi olmalıdır.

Ona görə Qafanı seçiblər ki, yenicə Zəngilana qayıdan azərbaycanlıların əleyhinə oradan casusluq etsinlər. Qafan tam sərhəddə olduğu üçün oradan Azərbaycanda təxribat törətmək istəyirlər. Özəlliklə Qubadlı, Zəngilanda gələcək təxribatlar üçün Qafanda konsulluq yaradıblar. Eyni zamanda, Zəngəzur dəhlizinin açılmasına da mane olmağa çalışırlar. İranın gerçək niyyəti budur. Amma biz Güney azərbaycanlılar olaraq dövlətimizin tapşırığı ilə bu cür təxribatlara cavab verməyə hazırıq”.

Gununsesi.info