
İran polisi qadınların geyim qaydalarına riayət etmələrini və saçlarını ictimai yerlərdə örtmələrini təmin etmək üçün mübahisəli patrulları bərpa edir, dövlət mediası xəbər verir.
Gununsesi.info xəbər verir ki, “Əxlaq polisi” İranın hicab qanunlarını tətbiq etmək üçün küçələrə qayıdacaq, polisin sözçüsü bazar günü bildirib.
Bu, Mahsa Amini adlı gənc qadının geyim qaydalarını pozduğu iddiası ilə Tehranda həbs olunduqdan sonra həbsdə ölməsindən 10 ay sonraya təsadüf edir.
Onun ölümü kütləvi milli etirazlara səbəb oldu və patrullar dayandırıldı.
Bununla belə, sərt islami xəttin tərəfdarları bir müddətdir ki, patrulların bərpasını tələb edirlər.
Ölkənin şəriət qaydalarına əsaslanan İran qanunlarına görə, qadınlar öz bədən formalarını gizlətmək üçün saçlarını hicab (çadra) ilə örtməli və uzun, boş paltar geyinməlidirlər.
Əxlaq polisi bölməsinə bu qaydalara riayət olunmasını təmin etmək və “uyğunsuz” geyinənləri saxlamaq tapşırılıb.
Tasnim xəbər agentliyinə istinadən polis sözçüsü Səid Montazerolmahdi bildirib ki, patrul zamanı məmurlar əvvəlcə qaydalara əməl etməyən qadınlara xəbərdarlıq edəcəklər.
Əgər onlar əmrlərə tabe olmasalar, polis daha sonra “hüquqi tədbir” seçə bilər, o əlavə edib.
22 yaşlı Mahsa Amini ötən ilin sentyabrında ailəsi ilə birlikdə paytaxt Tehrana səfər edərkən əxlaq polisi tərəfindən həbs olunub və hicabını “uyğunsuz” geyinməkdə günahlandırılıb.
O, “təlimləndirilmək” üçün təcridxanaya aparıldıqdan sonra yıxılıb. Həmin vaxt xəbərlər yayılıb ki, məmurlar Mahsa Amini-ni dəyənəklə başından vurublar və başını xidməti maşınlardan birinə çırpıblar.
Bu, milyonlarla iranlının qəzəbinə səbəb oldu, bir neçəsi edam edilməklə təxminən 600 etirazçının öldürüldüyü ölkə daxilində aylarla davam edən şiddətli hökumət əleyhinə etirazlar bütün ölkəni bürüdü.
Etirazlardan sonrakı aylarda bir çox qadın hicab taxmağı tamamilə dayandırdı. Bu, 1979-cu il inqilabından sonra İranda din xadimlərinin hakimiyyətinə qarşı ən böyük meydan oxuma kimi tarixə düşdü.
Sosial şəbəkələrdə yayılan videolar onu deməyə əsas verir ki, son vaxtlar qadınların hicabsız görünməsi adi hala çevrilib.
Lakin öz növbəsində, İran hakimiyyəti daha sərt cəzalar tətbiq edib, o cümlədən hicab qanunlarına əməl etmədikləri təqdirdə müəssisələri bağlamağa məcbur edib.
Şəbnəm
Gununsesi.info