“İranın bu addımı intihardan başqa bir şey deyil. Hazırkı çətin vəziyyətində İranın Azərbaycana, ona dost münasibəti bəsləyən ölkəyə, hərbi təcavüz göstərməyə çalışması ən axmaq hərəkətdir”.
Bu fikirləri Gununsesi.info-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
“Azərbaycan İran üçün heç bir təhdid yaratmır. Azərbaycan dövlət olaraq, İranın mövcud vəziyyətdən dinc yollarla çıxmasının tərəfdarıdır və bu məqsədlə əlindən gələni edir. Xüsusilə, Prezident İlham Əliyev dünya liderləri arasında azsaylı liderlərdəndir ki, İranın Azərbaycandakı səfirliyinə gedərək, Xameneinin ölümü ilə bağlı baş sağlığı vermişdir. Halbuki dünyanın əksər dövlətlərinin rəhbərləri bu jesti etməmiş, əksinə, İranın zərər görməsini alqışlamışdır.
Belə bir şəraitdə durub Azərbaycana qarşı hərbi təcavüz cəhdi etmək açıq-aydın axmaq hərəkətdir və faktiki olaraq intihara bərabərdir. İran bu addımla Azərbaycanla münasibətlərini də təhlükəyə atır”.
Siyasi şərhçinin fikrincə, bundan sonrakı mərhələdə Azərbaycan tərəfi daha təmkinli davranmalı, eyni zamanda artıq qardaş Türkiyə ilə mövcud strateji tərəfdaşlıq çərçivəsində hərəkət etməlidir.
“İran dünən Türkiyəyə hücum cəhdi edib, bu gün isə Azərbaycana hücum etdi. Bu tip axmaq hərəkətlərin davam etməyəcəyinə heç bir təminat yoxdur. Ona görə də əl-ələ verib özümüzü müdafiə etməliyik”,-deyə Azər Həsrət fikirlərini yekunlaşdırıb.
Qeyd edək ki, bu gün Naxçıvan Beynəlxalq Hava Limanının İran tərəfindən dron zərbəsinə məruz qalıb.
Şəbnəm Rəhimova












