İranın bu siyasətçilərini öldürəcəyik – İsrailin Baş nazirindən ŞOK BƏYANAT

  • By admin
  • 24 Noyabr 2021 17:38

İsrailin Baş naziri Naftali Bennet İranın “ən qəbuledilməz” siyasətçilərinin fiziki məhvinə çalışacaqlarını bəyan edib.

Gununsesi.info virtualaz.org-a istinadla xəbər verir ki, Bennetin bu açıqlamasına “İsrael Hayom” qəzeti dünənki sayında yer verib.

Baş nazirin sözlərinə görə, İsrail İranın nüvə proqramına dair əməliyyatların planlaşdırılmasında və həyata keçirilməsində fəaliyyət azadlığını saxlayacaq. Və, İranla Qərb ölkələri arasında nüvə anlaşması əldə edilsə belə, bu İsrailə hər hansı öhdəliklər qoya bilməz.

Baş nazir onu da deyib ki, hazırda İran nüvə silahının işlənib hazırlanmasında “ən irəli mərhələdədir”.

“Biz mürəkkəb dövr yaşayırıq. Ola bilsin ən yaxşı dostlarımızla mübahisəmiz yaransın. İstənilən halda, hətta nüvə sövdələşməsinə geri dönüş baş tutsa belə İsrail bu sövdələşmənin tərəfi olmayacaq”, – o deyib.

Naftali Bennet İranın nüvə proqramına məsul şəxslərinin və digər mühüm fiqurlarının məhv edilməsi əməliyyatlarının davam etdiriləcəyini də vurğulayıb.

“İranlılar İsrail dövlətini raketlərlə əhatələyiblər, özləri isə Tehranda təhlükəsiz şəraitdə oturublar. İranın “Qüds” xüsusi əməliyyatlar qüvvələri tərəfindən göndərilmiş ayrı-ayrı terrorçuların təqib edilməsinin daha mənası yoxdur. Biz onları göndərənləri təqib edəcəyik”, – Naftali Bennet bildirib.

Xatırladaq ki, ötən gün xarici KİV-lər İsrail rəhbərliyinin İranın nüvə silahı əldə etməyə çox yaxınlaşdığı barədə bəyanatlarına yer vermişdi. Bildirilirdi ki, İsrail İrana qarşı hərbi əməliyyatlar həyata keçirmək haqqını özündə saxlayır.

Gununsesi.info