Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, İranın Azərbaycana dron hücumu gözlənilən idi.
Bu barədə deputat Gununsesi.info-ya danışıb:

“Belə hallarda regional digər dövlətlərin də prosesə qoşula biləcəyi ilə bağlı İran tərəfi bəyanat yayıb. Yəni bu, yalnız İran-İsrail və ya İran-Amerika müharibəsi deyil; hər hansı bir addım bütün regionun alovlanmasına səbəb ola bilər. İran hakimiyyəti görünür ki, məsələni tək İran-İsrail problemi kimi göstərmək istəmir, bütün regionu bu məsələyə cəlb etməyə çalışır.
Azərbaycan heç vaxt digər dövlətlərin ərazi bütövlüyünə iddia etməyib. Prezidentin apardığı siyasət suverenliyin və ərazi bütövlüyünün qorunmasına, hər bir vətəndaşın rifahının təmin olunmasına yönəlib.
Bəyanatla yanaşı, Müdafiə Nazirliyi hava qüvvələrini və sərhədi gücləndirmək, İranın bilərəkdən Azərbaycan ərazisini atəşə tutması ilə bağlı lokal tədbirlər görmək imkanına malikdir. Bununla əlaqədar bütün regional dövlətlərlə danışıqlar aparılır”.
Deputat əlavə edib ki, hazırda İran rəhbərliyinin Azərbaycan tərəfinin açıqlamasına rəsmi cavabı gözlənilir, lakin hələ ki, bəyanat yoxdur.
Şəbnəm












