Pakistan Xarici İşlər Nazirliyi İranın əsassız olaraq ölkənin hava məkanını pozmasını kəskin şəkildə pisləyib və hücumun 2 uşağın öldüyünü və 3 uşağın yaralandığını bildirib.
Gununsesi.info xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda Pakistanın suverenliyinin bu cür pozulmasının hər hansı formada qəbuledilməz olduğu və bunun ciddi nəticələrə səbəb ola biləcəyi vurğulanıb.
“Pakistanın kəskin etirazı İran Xarici İşlər Nazirliyinin Tehrandakı müvafiq yüksək səviyyəli nümayəndəsinə çatdırılıb”, – deyə bəyanatda qeyd olunub və əlavə edilib ki, daha da narahat edən bu qanunsuz hərəkətin Pakistan və İran arasında müxtəlif rabitə kanallarının mövcudluğuna baxmayaraq baş verməsidir.
Bəyanatda İranın müvəqqəti işlər vəkilinin Xarici İşlər Nazirliyinə çağırıldığı və bu vəziyyətin nəticələrinə görə məsuliyyətin birbaşa İran tərəfinin üzərinə düşəcəyi bildirilib.
Bəyanatda Pakistanın terrorizmin bütün region ölkələri üçün ümumi təhlükə olduğunu və koordinasiyalı fəaliyyətin zəruri olduğunu hər zaman vurğulayıb: “Bu cür birtərəfli hərəkətlər mehriban qonşuluq münasibətlərinə uyğun gəlmir və ikitərəfli etimadı ciddi şəkildə zədələyə bilər”.
Gununsesi.info