“İranın məqsədi Zəngəzur dəhlizinə ziyan vurmaqdır”

zəngəzur dəhlizi

“İranın dünən Azərbaycan ərazisinə dron zərbəsi endirməsi birmənalı olaraq terror hücumudur və bu hücum heç bir halda cavabsız qalmayacaq”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

“İran ABŞ və İsrail qarşısında çətin vəziyyətdədir. Hər gün ərazisində bir sıra hərbi obyektlərini itirən İran münaqişənin miqyasını genişləndirmək üçün neytral qalan ölkələrə, o cümlədən Türkiyə, Azərbaycan və Omana qarşı belə terror hücumları həyata keçirir.

Əsas məqsədlərdən biri Azərbaycanın Zəngəzur dəhlizinə və Tripp marşrutuna ziyan vurmaqdır. İranın davranışı açıq şəkildə təhqiredici və layaqətsizdir. Azərbaycan kimi etibarlı qonşusunu itirmək təhlükəsi yaranıb.

İran rəsmiləri və ictimaiyyəti bu hadisələrdə bütün həqiqətləri bilməlidir. Din çadrası altında gizlənən Molla rejimi öz mənfur niyyətlərini həyata keçirmək üçün bir sıra cinayətlər törədir. Azərbaycan dövləti isə ona qarşı silah tuşlayan və terror aktları törədənlərə qarşı potensialını dəfələrlə nümayiş etdirib. Hücumu planlaşdıranlar və həyata keçirənlər bilməlidirlər ki, layiqli cəzalarını alacaqlar”,-deyə ekspert əlavə edib.

Onun fikrincı, bu hücumlar məqsədyönlüdür, çünki Azərbaycan ərazisinə dörd dronla hücum edilib.

“Dronların bir hissəsi vurulub, digərləri isə hədəflərinə çatıb. Hücumu planlaşdıranlar tam arxayın olmamalıdırlar ki, Azərbaycan cavabsız qalmayacaq. Bizim bu sahədə kifayət qədər və dünyada analoqu olmayan təcrübəmiz var. Azərbaycanın düşmən mövqedə dayananlara qarşı tədbirləri indiyə qədər həmişə effektli olub”,-deyə Ədalət Verdiyev fikirlərini yekunlaşdırıb.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info