“Keçən müharibədən fərqli olaraq İran raket və PUA zərbələrini təkcə İsrailə deyil, ABŞ-ın bölgədəki müttəfiqlərinə — Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Bəhreyn və İordaniyaya da yönəldib”.
Gununsesi.info bildirir ki, bu fikirləri politoloq Asif Şəfəqqətov deyib.
Onun sözlərinə görə, qısa müddətdə bu qədər çoxşaxəli zərbələrin endirilməsi hədəflərin əvvəlcədən seçildiyini və koordinatların raketlərin tuşlanma bazasına daxil edildiyini göstərir:
“Bu isə proseslərin xaotik deyil, əvvəlcədən hazırlanmış plan əsasında həyata keçirildiyini deməyə əsas verir.
Hədəflərin şaxələndirilməsi yalnız ABŞ-ın müttəfiqlərini cəzalandırmaq məqsədi daşımır. “Güclü rəqiblə mübarizə emosiyalarla deyil, strateji planla aparılır. Burada əsas məqsəd ABŞ-ın müttəfiqlərini qoruya bilməməsi görüntüsünü yaratmaqdır. Bu isə Vaşinqtonun bölgədəki nüfuzuna ciddi təsir göstərir”.
Politoloqun fikrincə, ABŞ-ın bölgədəki bütün obyektlərini eyni vaxtda qorumaq imkanları məhduddur və buna görə prioritet seçimi qaçılmazdır:
“ABŞ gözlənildiyi kimi İsraili prioritet seçib. Nəticədə bölgədəki ərəb müttəfiqləri faktiki olaraq müdafiəsiz qalır. İran isə ‘Şahed’ tipli PUA-larla zərbələr endirərək ABŞ-a arxalanmağın nəticələrini nümayiş etdirir.
İran eskalasiyanı nəzarətdə saxlamağa çalışır və hələlik daha ucuz və köhnə raketlərdən istifadə edir. Məqsəd isə hava hücumundan müdafiə sistemlərinin bahalı raketlərini tükətməkdir. Qərb mətbuatında da ABŞ və İsrailin sursat ehtiyatlarının intensiv döyüşlərdə bir neçə günə tükənə biləcəyi ilə bağlı məlumatlar yayılır.
İran uzunmüddətli müharibəyə hazırlaşır və əsas raketlərini, eləcə də yeni PUA-larını daha sonrakı mərhələdə tətbiq edə bilər.
Bəzi ərəb ölkələrində hava limanları və tanınmış otellərin hədəfə alınması təsadüfi deyil. Bu ölkələrin mühüm gəlir mənbələrindən biri turizmdir və belə zərbələr iqtisadi təzyiq aləti kimi istifadə olunur. İran göstərir ki, istəsə daha vacib obyektləri də vura bilər. Lakin hələlik daha az dağıdıcı vasitələrdən istifadə etməklə psixoloji və informasiya təsiri yaratmağa üstünlük verir”.
Firuzə












