İqtisadi böhranla mübarizə aparan Asiya ölkəsi, İrandan aldığı neftin müqabilində çay təklif edərək maraqlı barter üsuluna əl atıb.
Gununsesi.info xəbər verir ki, nağd pul çatışmazlığı olan Şri-Lanka 251 milyon dollarlıq neft borcunun bir hissəsini ödəmək üçün İrana 20 milyon dollarlıq çay verdiklərini açıqlayıb.
Bu barədə Şri Lankanın baş naziri Dinaş Qunavardenanın ofisi İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşündən sonra verdiyi açıqlamada bildirib.
Şri-Lankada istehsal olunan çay “Seylon çayı” kimi tanınır.
AFP xəbər verir ki, iki ölkə arasında çay əvəzinə neft sazişi 2021-ci ilin dekabrında razılaşdırılıb, lakin o vaxtkı prezident Qotabaya Rajapaksanı 2022-ci ilin iyulunda istefa verməyə məcbur edən Şri-Lankanın iqtisadi böhranı səbəbindən müqavilə təxirə salınıb.
Mübadilə razılaşması sanksiyaların təsirinə məruz qalan İrana ölkədə çox məşhur olan Şri-Lanka çayını idxal etməyə imkan verir. Ölkədə valyuta qıtlığı olduğu üçün Şri-Lankalılara da çayla ödəniş etməyə icazə verilib.
Şri-Lanka rəsmiləri daha əvvəl bildirmişdilər ki, çay-neft mübadiləsi ABŞ-ın İrana qarşı sanksiyalarını pozmur, çünki çay qida məhsuludur və saziş İranın qara siyahıya salınmış banklarını əhatə etmir.
Asiya ölkəsi 2022-ci ilin aprelində 46 milyard dollarlıq xarici borcunu ödəyə bilməyib. Ötən ilin əvvəlində ölkə Beynəlxalq Valyuta Fondundan 2,9 milyard dollarlıq xilasetmə paketi alıb.
Gununsesi.info