İranlı qaçqınlar Azərbaycana üz tutacağı təqdirdə ölkəmizin durumunu pis olacaq - ASLAN İSMAYILOV

  • By admin
  • 04 Yanvar 2018 10:16

Ötən ilin dekabr ayının son günlərindən İranın Məşhəd şəhərindən sosial-iqtisadi problemlərlə bağlı başlanan etiraz aksiyası qısa zamanda bütün ölkəni bürüdü. Hazırda bu etiraz aksiyaları davam etməkdədir.

Onu da qeyd edək ki, İranda baş verən proseslər dünyanın diqqət mərkəzindədir. İranda baş verən bu olayları Azərbaycanın tanınmış vəkili Aslan İsmayılov da özünəməxsus formada şərh edib.

Gununsesi.info xəbər verir ki, tanınmış vəkil Aslan İsmayılov İranda baş verənləri belə şərh edib:

“İranda baş verənlərlə bağlı fikir bildirməməyimi hadisələrə biganəlik kimi anlamayın. Hamı kimi mən də Bütöv Azərbaycan arzusundayam. Ən azından ana babam Marağalıdır. Susmağımın isə bir neçə səbəbi var. Birincisi, baş verənləri təbii proses, insanların azadlıq mübarizəsi saymıram. Hesab edirəm ki, bu bölgədə baş verən mürəkkəb, qanlı hadisələrin tərkib hissəsi və güclərin nüfuz mübarizəsidir. Hadisələrin xalqın xeyrinə inkişaf edəcəyinə inanmıram. Ən əsası isə İranda hadisələrin nəzarətdən çıxacağı halda ən çox zərərçəkən tərəf olacağımıza əminəm. Milyonlarla qaçqının Azərbaycana üz tutacağı təqdirdə Qarabağ kimi problemi olan ölkəmizin durumunu təsəvvür etmək belə vahiməlidir. Bundan savayı, İranda yaşayan həmyerlilərimizin dünyagörüşü, uzun illər molla rejiminin aşıladığı dəyərlər bu gün birləşib normal dövlətdə yaşamağımızı mümkünsüz edir. Təsəvvür etsək belə, bu gün birləşməyimiz birinci növbədə Qarabağla birdəfəlik vidalaşmağımız və molla rejiminə oxşayan bir dövlətdə yaşamağımızdır. Ancaq İranda demokratik dəyərlərin qələbəsindən sonra muxtariyyat formasında inkişaf etmiş Cənubi Azərbaycanın normal dövlət quruculuğuna nail olmuş, iqtisadi cəhətdən güclü Azərbaycana birləşməsini mümkün və faydalı sayıram. Bu gün Cənubi Azərbaycanda yaşayan soydaşlarımız sayca bizdən çox, dünyagörüşcə isə bizdən çox uzaqdırlar. Bu məqamda maksimum baş verənlərə neytral münasibət bəsləməyi faydalı sayıram”.

Gununsesi.info