İraq və Suriyada ABŞ qüvvələrinə 140 hücum təşkil edilib

  • By admin
  • 19 Yanvar 2024 09:15

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 17 oktyabr 2023-cü ildən bəri İraq və Suriyada ABŞ qüvvələrinə qarşı ümumilikdə 140 hücum təşkil edildiyini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq gündəlik mətbuat konfransında Yaxın Şərqdəki hadisələri dəyərləndirib.

ABŞ-ın İraq və Suriyadakı bazalarına hücumların başladığı 2023-cü il oktyabrın 17-dən bu yana ümumilikdə 140 hücum olduğunu bildirən Sinq bunlardan 57-nin İraqda, 83-nün isə Suriyada olduğu məlumatını paylaşıb.

Sinq husilərin Qırmızı dənizdə ticarət gəmilərinə qarşı davam edən hücumlarına da toxunub və Husilərə bu hücumları dayandırmağa çağırışını təkrarlayıb.

Jurnalist ona İsrailin Qəzzaya hücumlarını dayandıracağı təqdirdə husilərin hərəkətlərinə son qoyacağını bəyan etdiyini xatırladanda Sinq Qırmızı dənizdə baş verənlərlə Qəzzada baş verənlər arasında heç bir əlaqənin olmadığını iddia edib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ötən gecə və bu səhər husilərin istifadə etdiyi iddia edilən raket buraxılış sistemlərinə qarşı yeni hücumlar həyata keçirdiyini açıqlayıb.

Dünən ABŞ rəhbərliyi Yəməndə husilər kimi tanınan Ənsarullah Hərəkatını da Qırmızı dənizdəki hücumlarına görə “xarici terror təşkilatları” siyahısına daxil edib.

Gununsesi.info