“İraqda 100-dən çox azərbaycanlı qadın və uşaq var” - ELMAR MƏMMƏDYAROV

  • By admin
  • 30 Oktyabr 2017 13:46

“İraqda saxlanılan azərbaycanlı qadın və uşaqlarla Xarici İşlər Nazirliyi ilə bərabər Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məşğuldur”.

Gununsesi.info-nun məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Nazir qeyd edib ki, ilk növbədə İraq hökuməti ilə birgə həmin insanların bu ölkəyə necə getməsi, hansı işlə məşğul olmaları və gələcək taleləri müzakirə olunacaq: “Bu məsələ Bağdaddakı səfirliyimiz və konsulluğumuzun daimi diqqət mərkəzindədir. Bu məsələnin hər birinə fərdi qaydada baxılacaq. İstənilən insanı sadəcə, götürüb ölkəyə gəlmək olmaz. İlk növbədə müvafiq hüquqi məsələlər müəyyənləşdirilməlidir. İraqda 100-dən bir az çox qadın və uşaq var. Bir ay ərzində bu siyahı tam dəqiqləşəcək”.

Qeyd edək ki, bir müddət əvvəl Suriyada İŞİD-in işğalından azad edilən ərazilərdə tapılan 2 yaşlı Xədicə və 4 yaşlı Abdulla Bağdad sığınacağına yerləşdirilib. Uşaqların İŞİD-in nəzarətindəki ərazilərə valideynlərinin apardığı barədə məlumatlar yayılıb. Həmin ərazilər terrorçulardan təmizləndikdən sonra isə sahibsiz qalmış uşaqlar təhlükəsizlik qüvvələri tərəfindən İraqa aparılıb.

Bir müddət əvvəl Abdulla Azərbaycana gətirilərək, babasına təhvil verilib.

Gununsesi.info